Ordu.az xəbər verir ki, fondun təhlilinə əsasən, 2025-ci ildə Ermənistan iqtisadiyyatının artım tempi əvvəlki ildəki 5,9 faizdən 7,1 faizə yüksəlib.
Qeyd olunur ki, faktiki iqtisadi artım həm dövlət büdcəsinin əsasını təşkil edən 5,1 faizlik proqnozu, həm də 2026-cı il büdcəsində nəzərdə tutulan 5,2 faizlik yenilənmiş gözləntini üstələyib.
İqtisadi artım əsasən xidmət sektoru və tikinti sahəsindəki yüksək göstəricilər hesabına təmin olunub. Digər əsas iqtisadi sahələr də ümumi artıma müsbət təsir göstərsə də, iqtisadiyyatın strukturunda müəyyən həssaslıqların qalmaqda davam etdiyi vurğulanıb.
“Tikinti sektorundakı yüksək artımın mühüm hissəsi ipoteka kreditləri üzrə faiz ödənişlərinin geri qaytarılması proqramı ilə bağlı olub. Eyni zamanda sənaye sektorunda da bəzi alt sahələrdən asılılıq qalır.
2025-ci ildə dövlət büdcəsinin gəlirləri 2 trilyon 886,5 milyard dram təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 11,9 faiz artaraq dəqiqləşdirilmiş planın 101,3 faiz icrasını təmin edib.
Vergi gəlirləri və dövlət rüsumları isə 2 trilyon 725,2 milyard drama çatıb. Bu da illik müqayisədə 14 faiz artım və planın 100,3 faiz yerinə yetirilməsi deməkdir”, - deyə təhlildə bildirilib.
Fond hesab edir ki, vergi daxilolmalarının artması gözləniləndən yüksək iqtisadi inkişaf, eləcə də əlavə dəyər vergisi, gəlir vergisi və mənfəət vergisi üzrə daxilolmaların yüksəlməsi ilə bağlıdır.
Bununla yanaşı, vergi gəlirlərinin ÜDM-də payı 2024-cü ildəki 23,3 faizdən 24 faizə yüksəlsə də, büdcədə nəzərdə tutulan 25 faizlik hədəfə çatmayıb.
Təhlildə dövlət xərclərinin, xüsusilə də kapital qoyuluşlarının tam icra olunmaması xüsusi narahatlıq doğuran amil kimi göstərilir.
“2025-ci ildə dövlət büdcəsinin xərcləri 3 trilyon 305,3 milyard dram təşkil edib və dəqiqləşdirilmiş planın yalnız 95,8 faizi icra olunub. Kapital xərcləri üzrə icra səviyyəsi isə 89,6 faiz olub.
Kapital xərclərinin tam və vaxtında həyata keçirilməsi uzunmüddətli iqtisadi inkişaf və dövlət investisiyalarının səmərəliliyi baxımından əsas prioritetlərdən biri olmalıdır”, - deyə fond bildirib.
Hesabatda qeyd olunur ki, hökumətin borcunun ÜDM-ə nisbəti 47,7 faizdən 47,2 faizə enib. Bununla belə, borca xidmət yükü yüksək olaraq qalır. 2025-ci ildə faiz ödənişləri 349,1 milyard dram təşkil edib ki, bu da ümumi büdcə xərclərinin 10,6 faizinə bərabərdir.
Fond hesab edir ki, faiz ödənişlərinin yüksək səviyyədə olması büdcə vəsaitlərinin əhəmiyyətli hissəsinin borcun xidmətinə yönəldilməsinə səbəb olur və nəticədə kapital yatırımları və sosial proqramlar kimi digər vacib istiqamətlərə ayrılan vəsaitlərin həcmini məhdudlaşdırır.
Alpər Mövludoğlu
Ordu.az