SMYRTOS tankerinin saxlanılmasından sonra Rusiya “kölgə donanması” gəmiləri marşrutlarını dəyişib

2026/06/Ekran-1781549623.jpg
Oxunub: 203     22:52     15 İyun 2026    
Böyük Britaniyanın La-Manş boğazında Rusiyanın “kölgə donanması”na məxsus SMYRTOS tankerini saxlamasından sonra bir sıra digər tankerlər də marşrutlarını dəyişiblər.

Ordu.az xəbər verir ki, bu barədə “The Insider” nəşri məlumat yayıb.

Məlumata görə, Kamerun bayrağı altında üzən və Aralıq dənizindən Atlantik okeanına doğru hərəkət edən LION I tankeri La-Manş boğazına daxil olmamışdan əvvəl kursunu dəyişərək İrlandiya istiqamətinə dönüb.

Gəminin Böyük Britaniya adalarını Şimali Atlantik marşrutu ilə dolanaraq keçməyə çalışdığı ehtimal edilir. Ukrayna kəşfiyyatının məlumatına görə, LION I 2025-ci ildə Primorsk limanından Rusiya nefti və neft məhsullarının ixracı üçün istifadə olunub.

Bildirilib ki, 2025-ci ilin mayından etibarən tankerin sahibi və kommersiya operatoru Seyşel adalarında qeydiyyatdan keçmiş “Kario Maritime Inc”, texniki operatoru isə Çinin “Mo Chou Hu Shipmanagement Co.” şirkətidir.

Gəmi Avropa İttifaqı, Böyük Britaniya, İsveçrə, Kanada və Ukraynanın sanksiya siyahısındadır. FOR ORDERS (əlavə göstəriş gözləyir) qeydiyyatı səbəbindən onun yekun təyinat məntəqəsini müəyyən etmək mümkün deyil.

Syerra-Leone bayrağı altında üzən digər tanker olan C VIKING də Şimali Atlantikdə marşrutunu dəyişərək İrlandiya istiqamətinə yönəlib. Bu tanker AIS sistemi söndürülmüş vəziyyətdə və “gəmidən-gəmiyə” yükləmə üsulu ilə Rusiya neftinin daşınmasında istifadə olunub.

Gəminin işğal altındakı Krımda yerləşən Kamış-Burun limanına daxil olduğu da bildirilir. O da Böyük Britaniya, Avropa İttifaqı, Kanada, Avstraliya, İsveçrə, Ukrayna və Yeni Zelandiyanın sanksiyalarına məruz qalıb.

Marşrutunu dəyişən digər gəmi Syerra-Leone bayrağı altında üzən SONA tankeridir.

Məlumata görə, gəmi Finlandiya körfəzindən, ehtimal ki, Vistino limanından Misirin Port-Səid şəhərinə doğru hərəkət edirdi, lakin La-Manş boğazı istiqamətindəki marşrutunu dəyişib.

Ukrayna Müdafiə Kəşfiyyatı SONA tankerinin Rusiyanın Uzaq Şərq limanlarından neft və neft məhsullarının ixracında istifadə olunduğunu bildirib. Gəmi Rusiyanın “kölgə donanması”nın ən iri operatorlarından biri hesab edilən “Gatik Ship Management” ilə əlaqəli Hindistanın “Galena Ship Management” şirkəti ilə əlaqələndirilir.

Kamerun bayrağı altında üzən MAINI tankeri də marşrutunu dəyişib. Gəmi Primorskdan hərəkət edərək Misirin Port-Səid limanına getməli idi. MAINI Rusiyanın sanksiyalardan yayınmaq məqsədilə həyata keçirdiyi neft daşımalarında iştirak edir və “Galena Ship Management” ilə əlaqələndirilir.

Bununla yanaşı, ABŞ və Avropa İttifaqının sanksiyaları altında olan, lakin Rusiya bayrağı altında üzən bəzi gəmilər La-Manş boğazından maneəsiz keçməkdə davam edir. Onların arasında KRASNOYARSK tankeri və ADLER yük gəmisi də var.

Qeyd edək ki, Böyük Britaniya 2026-cı il martın 25-də təsdiqlənmiş yeni səlahiyyətlərdən ilk dəfə istifadə edərək Rusiyanın “kölgə donanması”na məxsus gəmini saxlayıb.

Saxlanılan gəmi Ust-Luqa limanından çıxmış və naməlum istiqamətə üzən Kamerun bayraqlı SMYRTOS neft tankeri olub.

Əməliyyat Böyük Britaniya Dəniz Piyadaları və Milli Cinayətkarlıq Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SMYRTOS   Rusiya   Tanker  


Bizi "telegram"da izləyin