ABŞ ordusu Ukraynada istifadə edilən Almaniya istehsalı HX-2 “gəzən sursat”ını sınaqdan keçirib

2026/06/Ekran-1781547345.jpg
Oxunub: 224     22:11     15 İyun 2026    
ABŞ ordusu Litvada keçirilən “Project Flytrap” təlimləri zamanı Almaniyanın “Helsing” şirkətinin istehsalı olan HX-2 “gəzən sursat”larını sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Məlumata görə, bu sınaqlar ABŞ hərbçilərinin artıq Ukraynada döyüş şəraitində istifadə edilən sistemin imkanlarını qiymətləndirdiyi ilk hallardan biri olub.

Təlimlər Pabrade poliqonunda keçirilib və insansız sistemlərin, eləcə də onlara qarşı mübarizə texnologiyalarının tətbiqinə həsr olunub.

ABŞ hərbçilərinin məlumatına görə, sınaqlar zamanı 17 HX-2 platforması 15 uğurlu zərbə endirib, qalan iki uçuş isə hədəfə çox yaxın nəticə göstərib. Ümumilikdə təlim çərçivəsində müxtəlif tipli insansız sistemlərlə təxminən 200 uçuş həyata keçirilib.

HX-2 Almaniyanın “Helsing” şirkəti tərəfindən hazırlanıb. Platforma intensiv radioelektron mübarizə şəraitində belə hədəfləri aşkar və izləyə bilən süni zəka sistemləri ilə təchiz olunub. Sistem GPS siqnalı olmadan da fəaliyyət göstərə bilir.

İstehsalçının məlumatına görə, HX-2-nin uçuş məsafəsi 100 km-ə qədər, sürəti isə 200 km/saatdan artıqdır. Platformanın ümumi çəkisi təxminən 12 kq təşkil edir, bunun 4 kq-ı faydalı yükə ayrılıb.

İstehsalçılar bildirirlər ki, bir operatorun nəzarəti altında bir neçə HX-2 platforması koordinasiyalı sürü şəklində fəaliyyət göstərə bilər.

Sistemin Ukraynada artıq istifadə olunması sınaqlara xüsusi diqqət cəlb edib. “Helsing” 2025-ci ildə Ukraynaya minlərlə belə platforma çatdıracağını açıqlamışdı və Rusiya-Ukrayna müharibəsindən əldə edilən təcrübə sistemin inkişafında əsas amillərdən biri olmuşdu.

HX-2 ilk dəfə 2024-cü ildə təqdim edilib.

Hazırda Ukrayna və ABŞ ilə yanaşı, Fransa, Almaniya, Böyük Britaniya və bir sıra digər Avropa ölkələrinin silahlı qüvvələri də HX-2 zərbə platformasını sınaqdan keçirirlər.

Sınaqların uğurla başa çatması bu ölkələrin sistemi satın almasına yol aça bilər.

“Helsing” şirkəti HX-2-ni hərbi gəmilər və sürətli qayıqlardan istifadəyə də uyğunlaşdırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin