Ordu.az xəbər verir ki, saziş Ukraynanın “Brave1” müdafiə klasteri ilə Fransa Silahlı Qüvvələri Nazirliyinin Müdafiə İnnovasiyaları Agentliyi arasında imzalanıb.
“Brave1” klasterinin əməliyyat direktoru İrina Zabolotna bildirib ki, “Brave France” təşəbbüsü Ukrayna və Fransa müdafiə innovasiyalarının inkişafına dəstək verəcək, praktiki həllərin tapılması üçün hakatonlar təşkil edəcək və startapların inkişafını təşviq edəcək.
“Birlikdə Ukrayna üçün prioritet hesab olunan və bu qrant proqramı çərçivəsində dəstəklənəcək istiqamətlərin siyahısını müəyyən edəcəyik”, - deyə Zabolotna bildirib.
Proqramın Ukrayna tərəfi üzrə büdcəsi 10 milyon avro təşkil edəcək. Fransa tərəfi də eyni məbləğdə vəsait ayıracaq.
“Ortaq büdcəmiz olacaq və həm Ukrayna, həm də Fransa ekosistemlərini dəstəkləyəcəyik”, - deyə o qeyd edib.
Bununla yanaşı, əsas prioritet Ukrayna Silahlı Qüvvələrinin ən çox ehtiyac duyduğu sahələr olacaq.
Zabolotna bildirib ki, ilk növbədə prioritet istiqamətlər müəyyən edilməli, daha sonra qərarlar qəbul edəcək və müvafiq ekspertləri cəlb edəcək birgə əməkdaşlıq mexanizmi yaradılmalıdır. Onun sözlərinə görə, bütün bürokratik prosedurların tamamlanması təxminən iki ay çəkəcək.
Layihə çərçivəsində hazırlanan innovasiyaların “Test in Ukraine” platforması vasitəsilə sınaqdan keçirilməsi planlaşdırılır.
Bundan əlavə, Ukrayna yaxın vaxtlarda Norveçlə də qrant proqramının həyata keçirilməsinə başlayacaq.
“Brave1” nümayəndələri bildiriblər ki, bu tərəfdaşlıq Ukraynaya müttəfiqlərinin qabaqcıl texnologiyalarına çıxış imkanı verir, Fransa isə başqa şəraitdə əldə olunması mümkün olmayan yüksək texnologiyalı müharibə təcrübəsinə çıxış qazanır.
Sevinc Əliyeva
Ordu.az