İtaliya və Almaniyanın birgə hazırladığı yeni tank ilk dəfə nümayiş etdiriləcək

2026/06/Ekran-1781537961.jpg
Oxunub: 243     19:39     15 İyun 2026    
İtaliyanın köhnəlmiş “Ariete” tanklarını əvəz etmək məqsədilə hazırlanan yeni nəsil əsas döyüş tankı ilk dəfə ictimaiyyətə təqdim olunacaq.

Ordu.az xəbər verir ki, layihə İtaliyanın “Leonardo” və Almaniyanın “Rheinmetall” şirkətlərinin bərabər payla yaratdığı “Leonardo Rheinmetall Military Vehicles” (LRMV) birgə müəssisəsi tərəfindən həyata keçirilir.

Şirkət yeni tankın prototipinin iyunun 15-19-da Parisdə keçiriləcək “Eurosatory 2026” sərgisində nümayiş olunacağını açıqlayıb. Yeni platforma 1990-cı illərdə xidmətə qəbul edilmiş və müasir döyüş şəraitinin tələblərinə cavab verməkdə çətinlik çəkən “Ariete” tanklarını əvəz etmək üçün hazırlanır.

Ukrayna müharibəsi, Yaxın Şərqdəki münaqişələr və aşağı xərcli tank əleyhinə raketlərlə FPV tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) zirehli texnikalara təsiri müasir tank konsepsiyalarını ciddi şəkildə dəyişdirib. İtaliya da uzun müddətdir “Ariete” üçün yeni əvəzləyici platforma axtarırdı.

2024-cü ilin sonunda yaradılan LRMV bu ehtiyacı qarşılamaq üçün formalaşdırılıb. Şirkət eyni zamanda “Lynx” KF-41 platforması əsasında A2CS zirehli maşın ailəsini də inkişaf etdirir. Yeni tankın ən diqqətçəkən xüsusiyyətlərindən biri “Rheinmetall” tərəfindən hazırlanmış “StrikeShield” aktiv müdafiə sistemi olacaq.

Sistem tank əleyhinə raketləri, idarəolunan tank əleyhinə raket komplekslərini və bəzi zirehdələn sursatları hədəfə çatmamış aşkar edib məhv etmək üçün nəzərdə tutulub. Ukrayna müharibəsi göstərib ki, hətta ən ağır zirehli tanklar belə müasir tank əleyhinə sistemlər qarşısında ciddi itkilər verə bilir.

Bu səbəbdən aktiv müdafiə sistemləri artıq müasir tankların standart elementlərindən birinə çevrilir. Bildirilib ki, “StrikeShield” yaxınlıqda fəaliyyət göstərən piyada bölmələrinə əlavə zərər vurulmaması nəzərə alınmaqla hazırlanıb. Tankda həmçinin “Rheinmetall”ın ROSY sürətli tüstü pərdəsi sistemi quraşdırılıb.

Bu sistem təhlükə aşkar edildikdə görünən və infraqırmızı diapazonda sıx tüstü pərdəsi yaradaraq düşmənin müşahidə imkanlarını məhdudlaşdırır. Müdafiə paketinin digər elementi isə “Leonardo” tərəfindən hazırlanmış “Blaze 30” uzaqdan idarə olunan silah sistemidir. 30 mm-lik topla təchiz edilən sistem PUA-lara, yüngül zirehli maşınlara və canlı qüvvəyə qarşı istifadə oluna bilər.

Mütəxəssislər hesab edirlər ki, FPV tipli PUA-lar, snayperlər və yaxın məsafəli təhdidlərin artması uzaqdan idarə olunan silah sistemlərini müasir zirehli texnikaların standart avadanlığına çevirib. LRMV 2026-cı il yanvarın 27-də A2CS proqramı çərçivəsində ilk dörd “Lynx” KF-41 zirehli maşınını İtaliya Silahlı Qüvvələrinə təhvil verib.

Parisdə keçiriləcək təqdimatın yalnız İtaliyanın ehtiyacları üçün deyil, bütövlükdə Avropa bazarı üçün strateji addım olduğu bildirilir. Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Avropa ölkələri müdafiə xərclərini artırıb və uzun illər təxirə salınmış tank modernləşdirmə proqramlarına yenidən start veriblər.

“Leonardo” və “Rheinmetall” tərəfdaşlığı da bu genişlənən bazarda Avropanın aparıcı quru platformaları istehsalçılarından birinə çevrilməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Almaniya   Ariete  


Bizi "telegram"da izləyin