Albaniyada etirazçılar Cared Kuşnerin kurort layihəsinin ərazisindəki hasarları söküblər

2026/06/1781427414.jpg
Oxunub: 188     12:53     14 İyun 2026    
Albaniyada sahilyanı ərazilərin tikintiyə açılmasına qarşı keçirilən etiraz aksiyaları tikinti meydançasının hasarlarının sökülməsi ilə nəticələnib.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, şənbə günü təxminən 200 nəfər Adriatik dənizi sahilində yerləşən elit tikinti layihəsinin ətrafına çəkilmiş metal hasarları və tikanlı məftil maneələri söküb.

Hadisə ölkənin ekoloji cəhətdən həssas bölgələrində həyata keçirilən tikinti layihələrinə qarşı artan narazılığın növbəti təzahürü hesab olunur.

Etirazlar bir neçə həftədir davam edir və xüsusilə Vlora şəhəri yaxınlığında inşa edilməsi planlaşdırılan dəbdəbəli kurort kompleksi ilə bağlıdır. Layihədə Donald Trampın kürəkəni Cared Kuşnerlə əlaqəli şirkətin iştirak etdiyi bildirilir.

Sözügedən ərazi flaminqoların yaşayış məkanı və dəniz tısbağalarının yuvalama sahəsi kimi tanınır.

Şənbə günü ölkənin şimal-qərbində yerləşən Ryoll kəndində də ayrıca etiraz aksiyası keçirilib. Yerli sakinlər başqa bir tikinti layihəsinə qarşı çıxaraq tikintinin vaxtilə onlardan alınmış torpaqlarda aparıldığını bildiriblər.

Etirazçılar Albaniya bayraqları qaldıraraq “İnqilab” şüarı səsləndiriblər.

Hasarların sökülməsi zamanı polis ilə ayrı-ayrı toqquşmalar baş versə də, hüquq-mühafizə orqanları maneələrin götürülməsinə müdaxilə etməyiblər.

Yerli sakin Zeke Nikolle Şullani bildirib ki, kənd əhalisi torpaqlarına görə kompensasiya almayana qədər etirazlar davam edəcək. “Biz torpaqları əlimizdən alınmış 200 ailəyik”, - deyə o vurğulayıb.

Digər etirazçı Nikolin Markpalayan isə hakimiyyətin və investorların yerli sakinlərin fikirlərini nəzərə almadığını və onlarla məsləhətləşmələr aparmadığını bildirib.

Albaniya hökuməti beşulduzlu kurort kompleksinin tikintisi layihəsinə “strateji investor” statusu verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Albaniya   Etiraz   Kuşner  


Bizi "telegram"da izləyin