Lekornü: “Xarici müdaxilə və süni zəka Fransadakı seçkilər üçün ciddi risklər yaradır”

2026/02/1771700435.jpg
Oxunub: 200     23:17     13 İyun 2026    
Fransa hakimiyyəti 2027-ci il prezident seçkilərinə hazırlıq çərçivəsində mümkün xarici müdaxilə və süni zəka texnologiyalarının sürətli inkişafı ilə bağlı narahatlıqlar fonunda tədbirləri gücləndirir.

Ordu.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.

Fransanın Baş naziri Sebastyan Lekornü müxtəlif siyasi partiyaların nümayəndələri ilə seçki prosesinə müdaxilə risklərinə həsr olunmuş görüş keçirib.

Onun sözlərinə görə, söhbət ölkənin bütün siyasi sistemini əhatə edə biləcək “ciddi təhdidlərdən” gedir.

Xüsusi narahatlıq yaradan məsələlərdən biri generativ süni zəka texnologiyalarının inkişafıdır. Ekspertlər hesab edirlər ki, bu texnologiyalar dezinformasiya kampaniyaları üçün inandırıcı mətnlərin, audio və videomaterialların hazırlanmasını xeyli asanlaşdırır.

Fransalı kibertəhlükəsizlik mütəxəssisləri bildiriblər ki, müasir texnologiyalar bu cür əməliyyatların miqyasını genişləndirməyə və onların təşkilini daha əlçatan etməyə imkan verir.

Fransa hakimiyyəti xatırladıb ki, 2017-ci ildə Emmanuel Makronun seçki qərargahına qarşı həyata keçirilən kiberhücumdan sonra ölkə xarici müdaxiləyə qarşı mübarizə tədbirlərini əhəmiyyətli dərəcədə gücləndirib.

Bu istiqamətdə əsas rolu 2021-ci ildə yaradılmış və xarici informasiya əməliyyatlarının aşkarlanması və təhlili ilə məşğul olan VIGINUM xidməti oynayır.

Ekspertlərin qiymətləndirməsinə görə, Fransa hazırda Avropada bu cür təhdidlərə qarşı ən hazırlıqlı ölkələrdən biridir.

Bununla belə, mütəxəssislər vurğulayıblar ki, seçkilərin qorunmasının uğuru yalnız dövlət qurumlarından asılı deyil. Bu proses siyasi partiyaların öz sistemlərinin kibertəhlükəsizliyini təmin etmək hazırlığından və cəmiyyətin yayılan məlumatları tənqidi şəkildə qiymətləndirmək bacarığından da asılı olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lekornü   Fransa  


Bizi "telegram"da izləyin