Ordu.az xəbər verir ki, Tramp Netanyahuya son dərəcə ehtiyatlı davranmalı olduğunu söylədiyini bildirib.
“Mən Bibiyə (Netanyahuya-red.) dedim ki, çox diqqətli olmalıdır. İsrail təyyarələri artıq İran istiqamətində uçurdu, amma mən həmin hücumun miqyasını azaltmağa nail oldum”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, son 24 saat ərzində aparılan gərgin danışıqlar zamanı Netanyahuya münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsinin fəlakətli nəticələri barədə xəbərdarlıq edib.
“Mən Bibiyə dedim ki, hərəkətlərində çox ehtiyatlı olsun, çünki çox keçmədən İrana qarşı tək qala bilər”, - deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, bazar günü axşam baş tutan ilk telefon danışığında Netanyahuya İranın hücumlarına hərbi cavab verməməyi tövsiyə edib. Lakin həmin söhbət konkret nəticə verməyib.
Mənbələr hesab edirdilər ki, Tramp heç olmasa bir neçə günlük vaxt qazanmağa nail olub.
Hadisələr isə sürətlə inkişaf edib. Danışıqdan dərhal sonra Netanyahu İsrail müdafiə qurumlarının rəhbərliyi ilə fövqəladə müşavirə keçirib, daha sonra ABŞ dövlət katibi Marko Rubio ilə əlaqə saxlayaraq İrana hücum qərarı barədə məlumat verib.
“Onlar bizi çox gec mərhələdə məlumatlandırdılar. İsrail qüvvələri artıq İran istiqamətində hərəkətdə idi. Buna baxmayaraq, mən zərbənin miqyasını azaltmağa nail oldum”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, Yaxın Şərq regionunun Vaşinqton və Tehran arasında vasitəçilik prosesində iştirak edən beş ölkəsinin liderləri ondan Netanyahuya maksimum təzyiq göstərməyi xahiş ediblər.
Onların əsas məqsədinin qarşılıqlı zərbələri dayandırmaq və hərtərəfli sazişin imzalanmasına nail olmaq olduğu qeyd edilib.
“Bu səhər iranlılar bizimlə əlaqə saxlayaraq İsrailə artıq zərbə endirməyəcəklərini bildirdilər. Onlar xahiş etdilər ki, bunu İsrailə çatdıraq və hücumları dayandırsınlar. Mən dərhal Bibiyə zəng etdim və onu dayanmağa məcbur etdim”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti müsahibəsinin sonunda Tehranla böyük razılaşma əldə etmək imkanının hələ də mövcud olduğunu vurğulayıb.
Trampın sözlərinə görə, İran belə bir sazişin imzalanmasında çox maraqlıdır və o, bunun “yaxşı və güclü razılaşma” olacağına inanır.
Sevinc Əliyeva
Ordu.az