Ordu.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Daha əvvəl Avropa İttifaqı rəhbərliyi iki İran vətəndaşına, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələrindən birinə qarşı sanksiyalar tətbiq edildiyini açıqlamışdı.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirmişdi ki, İranın fəaliyyəti qəbuledilməzdir və buna cavab olaraq Hörmüz boğazında tranzitin pozulması ilə əlaqəli İran qurumları və fiziki şəxslərinə qarşı sanksiyalar təsdiqlənib.
Qərarı şərh edən Kazem Qaribabadi Brüsselin addımlarını “saxta manevr” adlandırıb.
O qeyd edib ki, Avropa İttifaqına üzv dövlətlər İran xalqının hüquqlarını pozan əsas tərəflər sırasındadır və Aİ İran əleyhinə ABŞ tərəfindən həyata keçirilən dəniz blokadasına qəsdən göz yumur.
Qaribabadi vurğulayıb ki, beynəlxalq hüquqa görə belə blokada müharibə əməliyyatı kimi qiymətləndirilə bilər.
İran rəsmisi əlavə edib ki, Tehran BMT-nin Dəniz Hüququ Konvensiyasının iştirakçısı deyil və Hörmüz boğazında tətbiq etdiyi hüquqi rejim yalnız beynəlxalq adət hüququna və sahilyanı dövlətin təhlükəsizlik maraqlarına əsaslanan “dinc keçid” prinsipi ilə tənzimlənir.
Qaribabadi bildirib ki, Tehran Avropanın bu “siyasi və riyakar addımına” heç bir əhəmiyyət vermir və Hörmüz boğazı üzərində suverenliyinin qorunmasına yönəlmiş strategiyasını davam etdirəcək.
O həmçinin xəbərdarlıq edib ki, birtərəfli məcburetmə tədbirləri yeni hüquq yaratmır, əksinə, onları tətbiq edən tərəflər üçün beynəlxalq məsuliyyət yaradır.
Sevinc Əliyeva
Ordu.az