Ordu.az xəbər verir ki, sənəd Kiprin müdafiə naziri Vasilis Palmas və onun fransalı həmkarı Ketrin Votren tərəfindən Nikosiyada keçirilən Avropa İttifaqı ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində imzalanıb.
Vasilis Palmas bildirib ki, saziş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün müasir hüquqi baza yaradır və hər iki ölkənin hərbi qulluqçularının xarici ərazilərdə olduqları zaman hüquq və vəzifələrini dəqiq müəyyən edir.
Onun sözlərinə görə, Fransa ilə əməkdaşlığın yeni səviyyəyə çıxarılması Kipr Respublikasına əlavə strateji dərinlik qazandırır və onun Şərqi Aralıq dənizində sabitliyin dayağı kimi mövqeyini gücləndirir.
Ketrin Votren isə öz növbəsində Parisin adanın maraqları və təhlükəsizliyi təhdid altında qalacağı istənilən vəziyyətdə Nikosiyaya sarsılmaz dəstək göstərəcəyini vurğulayıb.
Məlumata görə, Fransa-Kipr SOFA sazişi Fransanın hərbi qüvvələrinin Kiprdə yerləşdirilməsi, təlim keçməsi və fəaliyyət göstərməsinin şərtlərini, eyni zamanda Kiprin milli suverenliyinin qorunmasını tənzimləyir.
Sənəd dəniz və quru əməliyyatlarının koordinasiyası, qoşunların qarşılıqlı uyğunluğu, müdafiə texnologiyaları və satınalmalar, birgə təlimlər, strateji dialoq, kadr mübadiləsi və şəxsi heyətin hüquqi statusu ilə bağlı müddəaları əhatə edir.
Saziş ikitərəfli xarakter daşıyır və Kipr hərbçilərinə Fransada, eləcə də Fransa hərbi gəmilərində hazırlıq keçmək imkanı yaradır.
Sevinc Əliyeva
Ordu.az