Almaniya İkinci Dünya müharibəsində talan edilmiş mədəni sərvətləri Polşaya qaytaracaq

2026/06/1780947713.jpg
Oxunub: 205     23:36     08 İyun 2026    
Almaniya İkinci Dünya müharibəsi illərində talan edilmiş bir sıra mədəni sərvətləri Polşaya qaytarmağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın “Gazeta Wyborcza” nəşri məlumat yayıb.

Məlumata görə, geri qaytarılacaq əşyalar arasında Kral I Sigizmundun adı ilə əlaqələndirilən üzük, “Gaude Mater Polonia” himnini ehtiva edən orta əsr əlyazmasının bir hissəsi və tanınmış polyak yazıçısı Stefan Jeromskinin əlyazmaları da var.

Nəşr bildirir ki, artefaktların təhvil verilməsi bu ay baş tutmalıdır.

Bu addımın 1991-ci ildə Polşa Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış Dostluq və Əməkdaşlıq Müqaviləsinin 35 illiyinə həsr olunan simvolik jest kimi nəzərdə tutulduğu qeyd olunur.

Həmin sənəd 1989-cu ildə kommunist rejiminin süqutundan sonra iki ölkə arasında münasibətlərin əsasını qoyan mühüm sazişlərdən biri hesab edilir.

Qaytarılacaq eksponatlar Polşanın mədəni irsinin ən mühüm elementləri sırasında yer alır.

Onlar ölkənin 1939-1945-ci illərdə Almaniya işğalı zamanı itirdiyi on minlərlə mədəni sərvətin bir hissəsidir.

Qeyd olunur ki, Berlinin bu addımı Almaniyanın 2025-ci ilin dekabrında Varşavaya orta əsrlərə aid sənədlər və digər tarixi relikviyaları qaytarmasından sonra atılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Polşa  


Bizi "telegram"da izləyin