CNN: Netanyahu İrana genişmiqyaslı zərbə hazırlayırdı, lakin Tramp onu geri çəkilməyə razı salıb

2026/06/1780591631.jpg
Oxunub: 261     00:06     09 İyun 2026    
İsrail bazar ertəsi Tehrana qarşı genişmiqyaslı zərbə endirməyə hazırlaşırdı, lakin ABŞ Prezidenti Donald Tramp Baş nazir Benyamin Netanyahu ilə telefon danışığı apararaq onu növbəti cavab hücumlarından imtina etməyə razı salıb.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı vəziyyətlə tanış olan israilli mənbəyə və amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidentinin müdaxiləsi nəticə verib. Həmin danışıqdan qısa müddət sonra Netanyahu ictimaiyyət qarşısında çıxış edərək İsrailin bu mərhələdə İrana qarşı zərbələri dayandırdığını bəyan edib.

Bu, son bir neçə saat ərzində Tramp və Netanyahu arasında baş tutan ikinci telefon danışığı olub. İlk danışıq zamanı da Tramp İsrail liderindən genişmiqyaslı hücumlardan imtina etməyi tələb edib.

İsrail mənbəsinin sözlərinə görə, ABŞ-nin şərq sahili vaxtı ilə bazar günü axşam baş tutan ilk danışıq zamanı Netanyahu təzyiqə müqavimət göstərib və İsrailin İranın hərəkətlərinə cavab verməli olduğunu bildirib.

Buna cavab olaraq Tramp İsrail Baş nazirindən hücumların miqyasını maksimum dərəcədə məhdudlaşdırmağı tələb edib ki, vəziyyət nəzarətdən çıxmasın. Həmin danışıqdan sonra İsrail İran ərazisində yerləşən bir sıra obyektlərə, o cümlədən iri neft-kimya kompleksinə hədəfli zərbələr endirib.

CNN qeyd edir ki, ABŞ və İsrail liderləri arasında son danışıqların tonu ötən həftə ilə müqayisədə daha yumşaq olub. Həmin vaxt tərəflər arasında fikir ayrılığı yaranmış və Tramp Netanyahuya qarşı sərt ifadələr işlətmişdi.

Məlumata görə, son iki danışıq zamanı Tramp xüsusilə vurğulayıb ki, İranla mümkün razılaşma yekun mərhələyə yaxınlaşır və yeni genişmiqyaslı hərbi əməliyyatlar diplomatik səyləri iflasa uğrada bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Tramp  


Bizi "telegram"da izləyin