“Kraken Robotics”in KATFISH sistemi dəniz dibini yüksək dəqiqliklə darayır - VİDEO

2026/06/Ekran-1780933132.jpg
Oxunub: 278     19:38     08 İyun 2026    
“Kraken Robotics” şirkətinin KATFISH dartılan sintetik aperturalı sonar sistemi və avtonom buraxma-götürmə sistemi (LARS) Türkiyədə uğurla nümayiş etdirilib.

Ordu.az xəbər verir ki, nümayiş SEFINE SISAM koordinasiyası ilə SEFINE şirkətinin RD-22 insansız suüstü platforması üzərində həyata keçirilib.

Bir çox hərbi dəniz qüvvələri və dövlət qurumlarının iştirakı ilə baş tutan nümayiş zamanı mina tipli obyektlərin və kritik sualtı infrastrukturun sürətli aşkarlanması və təsnifləndirilməsi imkanları nümayiş olunub.

“Kraken Robotics” şirkətinin KATFISH və ALARS məhsulları üzrə məsul nümayəndəsi Piter Kroker “Defensehere”a açıqlamasında şirkətin fəaliyyəti və sistemin imkanları barədə danışıb.

“Biz Kanadaya məxsus şirkətik və sualtı sensorlar, eləcə də robot sistemləri hazırlayırıq”, - deyə Kroker bildirib.

Onun sözlərinə görə, KATFISH həm mina axtarışı əməliyyatlarında, həm də kritik sualtı infrastrukturun yoxlanılmasında istifadə olunan yüksək ayırdetmə qabiliyyətinə malik dəniz dibi xəritələndirmə sistemidir.

Kroker Türkiyədə “SEFINE” gəmiqayırma zavodu ilə həyata keçirilən inteqrasiya və nümayiş fəaliyyətlərinə də toxunub.

“Yaxın vaxtlarda Türkiyədə “SEFINE” gəmiqayırma zavodu ilə inteqrasiya və nümayiş işləri həyata keçirmişdik. Eyni zamanda Türkiyədəki tərəfdaşlarımızla yeni əməkdaşlıq imkanları üzərində işləməyə davam edirik”, - deyə o bildirib.

Sistemin texniki xüsusiyyətlərindən danışan Kroker qeyd edib ki, KATFISH aktiv stabilləşdirmə qabiliyyətinə malik yüksək sürətli dartılan sualtı platformadır.

“KATFISH aktiv şəkildə öz stabilliyini təmin edən yüksək sürətli dartılan sualtı platformadır. Sistem dəniz dibinin son dərəcə yüksək ayırdetmə qabiliyyətli görüntülərini yarada bilir. Real vaxt rejimində 3 santimetr, sonradan emal olunan məlumatlarda isə 2 santimetr ayırdetmə qabiliyyətinə çatır”, - deyə o bildirib.

Onun sözlərinə görə, yüksək ayırdetmə qabiliyyəti və yüksək sürətlə məlumat toplama imkanı operatorlara qısa müddətdə geniş əraziləri skan etməyə imkan verir. Bununla yanaşı, dəniz dibindəki hədəflər yüksək dəqiqliklə aşkarlanır və müəyyən edilir.

Kroker vurğulayıb ki, KATFISH ənənəvi yan skanlı sonar sistemləri ilə müqayisədə daha yüksək aşkarlama ehtimalı və daha aşağı yanlış təmas göstəricisi təmin edir.

Qeyd olunub ki, “Kraken Robotics”in KATFISH sistemi son illərdə mina əleyhinə tədbirlər və kritik sualtı infrastrukturun qorunmasına artan tələbat fonunda bir çox ölkənin maraq göstərdiyi həllər sırasında yer alır.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kraken-Robotics   KATFISH  


Bizi "telegram"da izləyin