Ermənistanda 7 iyun seçkiləri: İrəvanın xarici siyasət kursu yenidən formalaşacaq?

2026/06/1780595920.jpg
Oxunub: 268     21:57     04 İyun 2026    
Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri Baş nazir Nikol Paşinyanın siyasi gələcəyi ilə yanaşı, ölkənin qarşıdakı dövrdə hansı xarici siyasət kursunu izləyəcəyini müəyyənləşdirəcək kritik mərhələ hesab olunur. Paşinyanın Türkiyə və Azərbaycanla normallaşmanı, Qərblə yaxınlaşmanı və Ermənistanın regional nəqliyyat və enerji xətlərinə inteqrasiyasını prioritet hesab edən siyasəti Rusiyaya yaxın köhnə siyasi dairələr, separatçılar və millətçi müxalifət tərəfindən sərt şəkildə tənqid olunur. Buna görə də seçkilərin nəticəsi Ermənistan daxilindəki adi hakimiyyət mübarizəsini aşaraq, Cənubi Qafqazda sülh prosesinin, müharibədən sonrakı regional nizamın və Orta Dəhlizlə bağlı müzakirələrin gələcəyinə birbaşa təsir göstərəcək.

Qərb-Rusiya rəqabətinin kölgəsində

Ermənistanın son dövrdə Türkiyə də daxil olmaqla Qərb ölkələri ilə təmaslarını intensivləşdirməsi Cənubi Qafqazda güc balanslarının yenidən formalaşdığı tarixi bir mərhələyə işarə edir. Seçki kampaniyasının başlanmasından az əvvəl İrəvanın ilk Avropa İttifaqı-Ermənistan sammitinə və Avropa Siyasi Birliyinin toplantısına ev sahibliyi etməsi Paşinyan hökumətinin Avropa ilə yaxınlaşmaq iradəsini nümayiş etdirib. Lakin bu strateji açılım Ermənistanın Rusiyadan tamamilə uzaqlaşdığı anlamına gəlmir. Ölkədəki Rusiya hərbi bazası fəaliyyətini davam etdirir, enerji, bankçılıq, dəmir yolları və digər strateji infrastruktur sahələrində Moskvanın struktur təsiri qalmaqdadır. Buna görə də İrəvanın addımları Rusiyadan kəskin uzaqlaşma deyil, yeni balans siyasəti kimi qiymətləndirilə bilər.

Buna qarşılıq olaraq Rusiya Ermənistanın Avropa ilə yaxınlaşmasını və Paşinyanın xarici siyasət kursunu siyasi və iqtisadi vasitələrlə təzyiq altında saxlamağa çalışır. Ermənistan istehsalı olan mineral suların, şərabın və bəzi kənd təsərrüfatı məhsullarının idxalına ardıcıl məhdudiyyətlərin tətbiq edilməsi, eləcə də ucuz təbii qaz və neft tədarükünün dayandırıla biləcəyi ilə bağlı siqnallar Kremlin iqtisadi təzyiq alətlərindən istifadə etdiyini göstərir. ABŞ Prezidenti Donald Trampın Paşinyana güclü dəstək mesajlarından sonra Kreml iqtisadi təzyiqlərdən əlavə, Ermənistana yönəlik ən ciddi xəbərdarlığını “Ukrayna bənzətməsi” üzərindən edib. Bu mənzərə seçkiləri adi daxili siyasi rəqabətdən çıxararaq Ermənistanın Rusiya mərkəzli köhnə təhlükəsizlik konsepsiyası ilə Qərb, Türkiyə və Azərbaycanla təmaslara əsaslanan yeni regional reallıq arasında edəcəyi seçimin bir hissəsinə çevirir.

Seçkidə iştirak edən qüvvələr və parçalanmış müxalifət

7 iyun seçkilərində Ermənistanda 17 siyasi partiya və iki ittifaq mübarizə aparacaq. 2018-ci ildə baş vermiş “Məxməri İnqilab” nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan xüsusilə Qarabağ müharibəsinin ikinci mərhələsindən sonra daha realist və praqmatik siyasi xəttə yönəlib. Paşinyan seçki kampaniyasını sərhədləri müəyyənləşdirilmiş və qonşularına qarşı ərazi iddialarından imtina etmiş Ermənistan ideyasını ön plana çıxaran “Real Ermənistan” şüarı üzərində qurub. Bu çərçivədə o, Azərbaycanla yekun sülh sazişinin imzalanmasını, Türkiyə ilə normallaşmanı, Qərblə münasibətlərin gücləndirilməsini və ölkənin iqtisadi problemlərinə fokuslanan daha realist idarəetmə modelini müdafiə edir.

Paşinyanın qarşısındakı müxalifət isə vahid və bütöv proqramdan çox, Rusiyaya yaxın dairələrin, diaspor ilə əlaqəli strukturların, kilsənin və millətçi qrupların yaratdığı parçalanmış cəbhə görüntüsü yaradır. Bu cəbhənin önəmli simalarından biri “Hayastan” ittifaqının lideri, sabiq erməni prezident Robert Köçəryandır. Köçəryanın rəhbərlik etdiyi ittifaq seçkiləri Ermənistan üçün taleyüklü məsələ kimi təqdim edir, Paşinyanın Azərbaycan və Türkiyə ilə bağlı siyasətini güzəşt siyasəti kimi qiymətləndirir. Separatçılarla əlaqəli bu xətt Moskva ilə daha yaxın münasibətləri və normallaşma proseslərinə daha ehtiyatlı yanaşmanı təmsil edir.

Müxalifətin digər mühüm fiquru isə rusiyalı erməni milyarder Samvel Karapetyandır. “Güclü Ermənistan” ittifaqı ilə Paşinyan əleyhdarları cəbhəsində yer alan Karapetyan Rusiyada qazandığı iqtisadi güc və Ermənistan daxilindəki əlaqələri səbəbindən köhnə təsir şəbəkələrinin siyasi təmsilçisi kimi qiymətləndirilir. Bu iki sərt müxalif simadan başqa, Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan Partiyası” daha ehtiyatlı və balanslı siyasət yürüdür. Partiya Azərbaycanla sülhü, balanslaşdırılmış xarici siyasəti və iqtisadi inkişafı ön plana çıxarır.

Sorğular Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının öndə olduğunu göstərsə də, qərarsız seçicilərin yüksək payı nəticəyə ciddi təsir göstərə bilər. Bundan əlavə, Paşinyan və partiyasının seçkilərdə birinci yeri tutması onların təkbaşına hökumət quracaq çoxluğu əldə etməsi anlamına gəlməyə bilər. Bu halda koalisiya axtarışları və ya ikinci tur ehtimalı da kifayət qədər real görünür.

Seçki nəticələrinin xarici siyasətə mümkün təsirləri

Seçki nəticələrinin ən birbaşa və konkret təsirləri Ermənistanın xarici siyasətində və qonşuları ilə münasibətlərində özünü göstərəcək. Paşinyanın yenidən güclü mandat əldə etməsi Azərbaycanla sülh sazişinin irəliləməsinə, Türkiyə-Ermənistan normallaşmasına və regional nəqliyyat xətlərinin yenidən canlandırılmasına əlavə təkan verə bilər. Bu istiqamətdə Qars-Gümrü dəmir yolu xəttinin bərpası və Alican-Marqara sərhəd-keçid məntəqəsinin açılması ikitərəfli ticarəti genişləndirəcəyi kimi, Türkiyəni Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiyaya bağlayan logistika marşrutlarını da gücləndirəcək.

Bu baxımdan normallaşma yalnız Ankara-İrəvan xəttində diplomatik təmasların inkişafı demək deyil. Prosesin strateji əhəmiyyəti onun Orta Dəhlizin gələcəyi, qlobal enerji marşrutları və bölgədə formalaşan yeni güc balansları ilə əlaqəsindədir. Azərbaycanı Ermənistanın Zəngəzur bölgəsi vasitəsilə Naxçıvana, oradan isə Türkiyəyə bağlaması nəzərdə tutulan Zəngəzur dəhlizi də bu müzakirələrin mərkəzində dayanır. Həmin marşrutun reallaşması regional ticarətin və enerji axınlarının Avropa bazarlarına çatdırılmasında Cənubi Qafqazın strateji əhəmiyyətini daha da artıracaq.

Bunun əksinə olaraq, Paşinyanın parlamentdəki mövqeyini zəiflətməsi və ya normallaşmaya skeptik yanaşan qüvvələrin təsirinin artması bu prosesi ciddi şəkildə ləngidə bilər. Belə ssenari son illərdə diplomatik müstəvidə əldə olunmuş nəticələrin zəifləməsinə və regionun yenidən struktur qeyri-müəyyənlik mərhələsinə daxil olmasına səbəb ola bilər. Ankara və Bakı ilə aparılan birbaşa təmasların zəifləməsi regional nəqliyyat və enerji layihələri ilə bağlı gözləntilərə də mənfi təsir göstərəcək. Buna görə də 7 iyun seçkiləri yalnız Ermənistanın daxili siyasi balanslarını müəyyənləşdirməyəcək, həm də Cənubi Qafqazda sülhün, bağlantısallığın və geosiyasi güc balanslarının hansı konkret parametrlər üzərində formalaşacağını müəyyən edən mühüm dönüş nöqtəsi olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki   Paşinyan  


Bizi "telegram"da izləyin