Livan prezidenti İsraillə atəşkəs sazişinin maddələrini açıqlayıb

2026/06/1780586829.jpg
Oxunub: 235     19:24     04 İyun 2026    
Livan Prezidenti Cozef Aun ABŞ-nin vasitəçiliyi ilə keçirilən danışıqların dördüncü raundu nəticəsində İsraillə əldə olunan atəşkəs sazişinin maddələrini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Aunun sözlərinə görə, danışıqlar Livanın maraqlarına böyük ölçüdə cavab verən sənədin hazırlanması ilə yekunlaşıb.

O vurğulayıb ki, bu, yekun və hərtərəfli atəşkəsə nail olmaq üçün son imkandır.

Prezident bildirib ki, “Hizbullah”dan və digər daxili siyasi qüvvələrdən cavablar alındıqdan sonra Livan rəsmi şəkildə ABŞ tərəfini məlumatlandıracaq. Bu isə sazişin icrasının növbəti mərhələsinə keçməyə imkan verəcək.

Əldə olunmuş razılaşmalara əsasən, ABŞ atəşkəs rejiminin tətbiqi üçün müddət və mexanizmləri müəyyən edəcək. Vaşinqton tərəflərə sazişin təsdiqləndiyini və zəruri təminatların alındığını bildirdikdən 24 saat sonra onun icrasına başlanıla bilər.

Aunun sözlərinə görə, razılaşmaların yerinə yetirilməsinin birbaşa təminatçısı ABŞ Prezidenti Donald Tramp olacaq.

Livan lideri danışıqlarda ölkə nümayəndə heyətinin sərgilədiyi sərt mövqeyə də diqqət çəkib. O qeyd edib ki, səfir Simon Karamın rəhbərlik etdiyi nümayəndə heyəti hərtərəfli atəşkəs üzrə razılıq əldə olunana qədər danışıqları dayandırıb və digər məsələlərin müzakirəsindən imtina edib.

Məlumata görə, məsələ yalnız ABŞ dövlət katibi Marko Rubionun müdaxiləsindən sonra həll olunub və Livanın tələbi qəbul edilib.

Aun əlavə edib ki, çərşənbə günü ərzində və cümə axşamı səhərədək Livan tərəfi prosesin həm beynəlxalq, həm də daxili iştirakçıları ilə daimi əlaqədə olub. Onun sözlərinə görə, bir sıra dost ölkələr də Beyrutun mövqeyini dəstəkləmək üçün diplomatik təzyiqlər göstəriblər.

Prezident bildirib ki, “pilot zonalar” adlandırılan ərazilərlə bağlı müzakirələr çərçivəsində Livan ölkənin cənubundakı Nəbətiyyə bölgəsinin yaxınlığında yerləşən Şərqi Zəvtər, Qərbi Zəvtər, Yəhmər və Qalaət əş-Şəqif yaşayış məntəqələrindən başlamağı təklif edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin