Erməni hərbi ekspert: “Niyə Paşinyanın parad bitdikdən sonra qoşunların şəhərdən çıxarılmaya biləcəyi barədə qəribə açıqlaması müzakirə olunmur?”

2021/09/77433-1632983775.jpg
Oxunub: 237     18:19     04 İyun 2026    
“Seçkilər ərəfəsində paytaxta qoşun yeritmək incə sənətdir...”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan özünün sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, hazırda hamı hərbi paradı, nümayiş etdirilən silahları və hərbçilərin geyimlərindəki qəribə kamuflyaj rənglərini müzakirə edir.

“Tamamilə haqlı olaraq qeyd olunur ki, bu tədbir Nikol Paşinyanın seçkiqabağı təbliğat kampaniyasının bir hissəsidir. Səkkiz il ərzində hərbi parad keçirilmədi, amma seçkilər ərəfəsində birdən-birə belə qərar verildi. Eyni zamanda şəhər yenidən iflic vəziyyətinə salındı”, - deyə Vrtanesyan bildirib.

Onun sözlərinə görə, diqqətdən kənarda qalan əsas məqam Paşinyanın mayın 12-də verdiyi açıqlamadır.

“Bu günə qədər Paşinyanın parad bitdikdən sonra qoşunların şəhərdən çıxarılmaya biləcəyi ilə bağlı qəribə bəyanatı demək olar ki, müzakirə olunmur”, - deyə erməni ekspert vurğulayıb.

Karen Vrtanesyan Nikol Paşinyanın həmin açıqlamasından sitat da gətirib:

“Mən göstəriş vermişəm ki, parad üçün gətirilən hərbi texnika sadəcə meydana daxil olub keçib getməsin. Demişəm ki, həmin texnika Respublika meydanına daxil olsun, sonra Tiqran Mets prospekti boyunca hərəkət etsin və ehtimal ki, Dəmir Yolu Vağzalına qədər uzansın. Həmçinin göstəriş vermişəm ki, vətəndaşlar gəlib onu görə və qiymətləndirə bilsinlər”.

Erməni ekspert hesab edir ki, hakimiyyətin seçkilərə qədər qoşunları şəhərdə saxlamaq planı olmasa belə, bu məsələ narahatlıq doğurmalıdır.

“Hətta seçki gününə qədər qoşunları şəhərdə saxlamaq planı olmasa belə, istənilən halda müxalifətin bu mövzuda susması təəccüb doğurur. Ən azı bu narahatlığı ictimai şəkildə səsləndirmək, izahat tələb etmək lazım idi. Çünki hamımız bilirik ki, qarşımızda nə qədər hiyləgər və məkrli bir avtoritar hakimiyyət dayanır”, - deyə Vrtanesyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vrtanesyan   Ermənistan  


Bizi "telegram"da izləyin