Çexiyanın ilk C-390-ı səmaya qalxıb

2026/05/1777967305.jpg
Oxunub: 350     11:04     28 May 2026    
Çexiyanın “Embraer”dən sifariş etdiyi “C-390 Millennium” nəqliyyat təyyarələrindən birincisi ilk uçuşunu Braziliyada həyata keçirib.

Ordu.az xəbər verir ki, “Embraer” rəsmi “X” hesabında paylaşdığı məlumatda Çexiyanın aldığı C-390 “Millennium” nəqliyyat təyyarəsinin ilk uçuş görüntülərinə yer verib.

Şirkətin Braziliyadakı müəssisələrində keçirilən bu sınaqla platforma əməliyyat imkanlarını təsdiqləyərək Çexiya Hərbi Hava Qüvvələrinə təhvil verilməzdən əvvəl mühüm mərhələni uğurla başa vurub.

Bu alışla Çexiya Braziliya, Portuqaliya, Macarıstan, Niderland, Avstriya, Özbəkistan və Koreya Respublikasının Hərbi Hava Qüvvələrindən sonra bu təyyarə tipinin səkkizinci istifadəçisi olmağa hazırlaşır. İlk uçuşunu uğurla tamamlayan təyyarənin zəruri sınaqlardan sonra bu ilin ortalarına doğru Çexiyaya təhvil verilməsi planlaşdırılır.

Tədarük müqaviləsi 2024-cü ildə imzalanıb

Çexiya Müdafiə Nazirliyi 2024-cü il oktyabrın 25-də “Embraer” ilə 2 ədəd C-390 “Millennium” çoxməqsədli nəqliyyat təyyarəsi almaq üçün müqavilə imzalayıb. NATO standartlarına uyğun bu təyyarələr Çex Hərbi Hava Qüvvələrinin əməliyyat imkanlarını modernləşdirmək və inkişaf etdirmək üçün alınır.

“Embraer”in yaydığı məlumata görə, sifarişə təyyarələrlə yanaşı, C-390-ların Çexiya parkına inteqrasiyasını təmin etmək üçün geniş təlim və dəstək paketi də daxildir. Bu təyyarələr hərbçilərin, nəqliyyat vasitələrinin və avadanlıqların taktiki daşınması, tibbi təxliyə, yanğınsöndürmə, fəlakətlərin idarə olunması və havadan-havaya yanacaq doldurma kimi geniş missiyaları yerinə yetirə biləcək.

Sənaye əməkdaşlığı

Tədarük proqramının əsas məqamlarından birini “Embraer” ilə Çexiya arasındakı sıx sənaye əməkdaşlığı təşkil edir. Bu çərçivədə Çexiyanın “Aero Vodochody” aviasiya şirkəti 2011-ci ildən etibarən C-390 proqramının əsas tərəfdaşlarından biridir. Şirkət təyyarə üçün arxa gövdə, yük rampası, qapaqlar və qanadın hücum kənarı sabit hissələri ilə yanaşı, paraşütçü, ekipaj və təcili çıxış qapılarının istehsalını üzərinə götürür.

“Aero Vodochody” və “Embraer” 2024-cü ilin oktyabrında C-390 “Millennium” proqramındakı əməkdaşlığı gücləndirən müqavilə dəyişikliyi imzalayıb. Bu razılaşmaya əsasən, şirkətin C-390 nəqliyyat təyyarəsi istehsalındakı payı və töhfəsi artırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   C-390  


Bizi "telegram"da izləyin