Ordu.az xəbər verir ki, “Jang Bogo N” layihəsi adlanan proqram çərçivəsində sualtı qayıqların tamamilə yerli imkanlarla hazırlanması və inşa edilməsi nəzərdə tutulur.
Mayın 26-da açıqlanan plan Cənubi Koreyanın nüvə mühərrikli sualtı qayıq hazırlığı ilə bağlı strateji yol xəritəsini ilk dəfə rəsmi səviyyədə ortaya qoyub. Proqramın adı ölkənin ilk sualtı qayıq sinfi olan “Jang Bogo”dan götürülüb.
Seul administrasiyası ilk nüvə mühərrikli sualtı qayığın 2030-cu illərin ortalarında suya buraxılmasını, 2030-cu illərin sonlarında isə aktiv xidmətə qəbul edilməsini planlaşdırır. Müdafiə Nazirliyi bildirib ki, nüvə mühərrikli sualtı qayıqlar mövcud dizel-elektrik sualtı qayıqlarla müqayisədə daha uzun sualtı fəaliyyət müddəti və yüksək manevr qabiliyyəti təmin edəcək.
Yeni platformaların xüsusilə Şimali Koreyanın sualtı qayıq əsaslı raket və nüvə təhdidlərinə qarşı mühüm rol oynayacağı gözlənilir. Nazirlik qeyd edib ki, layihə Cənubi Koreyanın nüvə enerjisi, gəmiqayırma zavodu və müdafiə sənayesi imkanlarının birgə iştirakı ilə həyata keçiriləcək strateji milli proqramdır.
Sualtı qayıqlarda istifadə olunacaq reaktor sisteminin aşağı zənginləşdirilmiş uranla işləyəcəyi və uzun müddət yanacaq dəyişdirilməsinə ehtiyac duymayan quruluşa malik olacağı bildirilib. Platforma və hərəkət sistemlərində isə ölkənin mülki nüvə enerjisi və gəmiqayırma sahəsində qazandığı texnoloji təcrübədən istifadə ediləcəyi qeyd olunub.
Proqramın rəsmi şəkildə elan olunması ABŞ-nin ötən il Cənubi Koreyanın nüvə yanacağı tələbinə dəstək vermək qərarından sonra baş verib. Seul administrasiyası 2015-ci il tarixli “Atom Enerjisinin Dinc Məqsədlərlə İstifadəsi Sazişi” çərçivəsində sualtı qayıq yanacağı məsələsində Vaşinqtonla koordinasiyalı fəaliyyət göstərir.
Bununla belə, ABŞ-nin yalnız yanacaq dəstəyi verəcəyi, reaktor texnologiyasının paylaşılmasının nəzərdə tutulmadığı vurğulanır. Cənubi Koreya həmçinin aşağı zənginləşdirilmiş uranın təminatı və idarə olunması sahəsində ABŞ ilə sıx əməkdaşlıq edəcəyini açıqlayıb.
Müdafiə Nazirliyi hesab edir ki, mövcud ənənəvi sualtı qayıq donanması mənzil, sürət və sualtında qalma müddəti baxımından Şimali Koreyanın inkişaf edən sualtı qayıq əsaslı raket təhdidinə qarşı yetərli deyil. Pxenyan son dövrlərdə sualtı qayıqdan buraxılan ballistik raket imkanlarına malik yeni sualtı qayıq və döyüş gəmisi layihələrini nümayiş etdirib.
Yeni nüvə mühərrikli sualtı qayıqların Şimali Koreya sualtı qayıqlarını limandan ayrıldığı andan etibarən izləməsi və mümkün qarşıdurma zamanı təhdid elementlərini raket buraxılmadan əvvəl zərərsizləşdirməsi planlaşdırılır. Platformaların həmçinin Cənubi Koreyanın “Korea Massive Punishment and Retaliation” strategiyası çərçivəsində yüksək dəqiqlikli zərbə imkanlarına malik raket sistemləri daşıyacağı qeyd olunub.
Cənubi Koreya Müdafiə Nazirliyi proqramın beynəlxalq nüvə yayılmasının qarşısının alınması qaydaları çərçivəsində həyata keçiriləcəyini vurğulayıb. Nazirlik bəyan edib ki, Cənubi Koreya heç bir halda nüvə silahına sahib deyil və nüvə silahı hazırlamayacaq.
Bundan əlavə, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birlikdə nüvə mühərrikli sualtı qayıqlar üçün xüsusi təhlükəsizlik və nəzarət sisteminin yaradılması planlaşdırılır. Təxminən 40 illik sənaye layihəsi kimi qiymətləndirilən proqramın 10 illik istehsal və 30 ildən artıq əməliyyat mərhələsini əhatə edəcəyi bildirilib.
Cənubi Koreya Müdafiə Nazirliyi layihənin 40 mindən çox yüksək ixtisaslı iş yeri yaradacağını açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az