ABŞ-də Trampa qarşı iddia qaldıran Elizabet Kerrolla bağlı istintaq başladılıb

2026/05/1779951012.jpg
Oxunub: 292     10:44     28 May 2026    
ABŞ Ədliyyə Nazirliyi Prezident Donald Trampı seksual təcavüzdə ittiham etmiş jurnalist və yazıçı Elizabet Cin Kerrolla bağlı cinayət istintaqına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “CNN News” telekanalı öz mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, araşdırmanın məqsədi Kerrollun Trampa qarşı qaldırdığı iki məhkəmə iddiası zamanı verdiyi ifadələrin həqiqiliyini yoxlamaqdır.

Qeyd olunur ki, ABŞ Prezidenti hər iki məhkəmə prosesində uduzub. O, 2023-cü ildə yazıçıya 5 milyon dollar, 2024-cü ilin yanvarında isə əlavə 83,3 milyon dollar ödəməyə məcbur edilmişdi.

CNN bildirir ki, Ədliyyə Nazirliyinin yeni istintaqı Kerrollun 2022-ci ildə verdiyi ifadələrə əsaslanır. Həmin vaxt o, iddia qaldırmaq üçün kənardan heç bir maliyyə dəstəyi almadığını bildirmişdi. Lakin sonradan milyarder Rid Hoffmanın onun məhkəmə xərclərinin bir hissəsini ödədiyi məlum olub.

2023-cü ilin mayında Nyu-York məhkəməsi Trampı Kerrollun ona qarşı qaldırdığı böhtan və təcavüz iddiası üzrə təqsirli bilib. Bununla belə, andlılar siyasətçinin ilkin ittihamda göstərilən zorlamanı törətmədiyi qənaətinə gəliblər.

2024-cü ilin yanvarında isə Nyu-York andlılar məhkəməsi Trampın Kerrolla 83,3 milyon dollar ödəməsi barədə qərar çıxarıb. Bu məbləğ qadının ilkin iddiasında tələb etdiyi kompensasiyadan səkkiz dəfə çox olub.

Kerroll 2019-cu ildə nəşr etdirdiyi kitabında Trampın 1995-ci ilin sonu və ya 1996-cı ilin əvvəlində Nyu-Yorkun mərkəzində yerləşən mağazalardan birinin geyim otağında ona təcavüz etdiyini iddia edib.

Həmin vaxt o, məhkəməyə müraciət etsə də, iş üzrə araşdırma aparılmayıb. Ötən ilin noyabrında isə amerikalı qadın prezidentə qarşı yeni iddia qaldırıb.

Tramp isə dəfələrlə ittihamları rədd edərək Kerrolla heç vaxt görüşmədiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp  


Bizi "telegram"da izləyin