Ordu.az xəbər verir ki, bu barədə “France24” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Livanın cənubundakı geniş ərazini təhlükəli zona elan edib. Hazırda cəbhə xətti rəsmi olaraq İsrail sərhədindən təxminən 40 kilometr məsafədə yerləşən Zahrani çayına qədər genişləndirilib.
Hərbçilər dinc sakinlərdən çayın şimalına doğru təcili şəkildə təxliyə olunmağı tələb ediblər.
“Cənubi Livan sakinlərini Zahrani çayının şimalına keçməyə çağırırıq, çünki çayın cənubunda yerləşən bütün ərazilər döyüş əməliyyatları zonası hesab olunur”, - deyə İsrail Müdafiə Ordusunun nümayəndəsi bildirib.
Təxliyə edilən ərazinin təxminən 2000 kvadrat kilometr olduğu qeyd olunur. İsrail burada “Hizbullah” qruplaşmasının mövqelərinə zərbələr endirməyi planlaşdırır və sakinlərdən silah anbarları ilə silahlıların dayaq məntəqələrindən uzaq durmaları istənilib.
“France24”ün məlumatına görə, son günlər İsrail Livanın cənub və şərq bölgələrinə 120-dən çox zərbə endirib. Bu isə apreldə əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq baş verib.
Livan təhlükəsizlik xidmətlərindəki mənbələr yolların tıxaclarla dolduğunu bildiriblər. İnsanlar artıq minlərlə qaçqının toplandığı liman şəhəri Saydaya doğru hərəkət edirlər.
İsrail Baş naziri Benyamin Netanyahu bu addımları təhlükəsizlik səbəbləri ilə izah edib.
Onun sözlərinə görə, “Hizbullah” İsrailin şimalını mütəmadi olaraq atəşə tutur və İsrail Müdafiə Ordusu Livanda əlavə tədbirlər görməyə məcbur qalır. Netanyahu bildirib ki, əsas məqsəd şimal yaşayış məntəqələrini terror təhlükəsindən qorumaqdır.
Eyni zamanda İsrail Beyruta zərbə endirməkdən yayınmağa çalışır. Bu isə ABŞ və İran arasında davam edən diplomatik danışıqların pozulmamasına xidmət edir.
Sevinc Əliyeva
Ordu.az