Mələklər, şeytanlar, yoxsa şarlar? – UNO-larla bağlı videolar internetdə Bibliya mübahisələrinə səbəb olub

2023/12/1703482183.jpg
Oxunub: 424     09:56     28 May 2026    
Donald Tramp administrasiyası tərəfindən gizlilikdən çıxarılmış Uçan Naməlum Obyektlərə (UNO) dair videoların növbəti paketi onların mənşəyi ətrafında geniş müzakirələrə səbəb olub.

Ordu.az xəbər verir ki, istifadəçilərin bir qismi kadrlarda Bibliya miflərinin sübutunu gördüyünü iddia edib, digərləri isə görüntüləri adi şarlar və linza parıltıları ilə izah etməyə çalışıb.

Məlumatların yayılmasından sonra sosial şəbəkələrdə obyektlərin mələklərə və şeytanlara bənzədilməsi ilə bağlı şərhlər kütləvi şəkildə artıb. Hətta bəzi internet istifadəçiləri kadrlarda “qanadlı varlıqlar” və “od təkərləri” gördüklərini, bunların isə Əhdi-Ətiqin İezekiel kitabında təsvir edildiyini yazıblar.

Ən çox diqqət çəkən videolardan biri 2020-ci ilin iyununda su səthinin üzərində çəkilib. Kadrlarda ABŞ-nin hərbi obyektlərindən birinin yaxınlığında formasını dəyişən, siluetsiz bir kütlə görünür. Obyektin aşağı hissəsində uzanan, quyruğa bənzər iz və yan tərəfdə çıxıntı da aydın seçilib. Bir çox istifadəçi həmin detalı “mələk qanadı” adlandırıb.

“Bu, yeni açıqlanan bütün fayllar arasında şübhəsiz ki, ən dəli videodur”, - deyə “X” sosial şəbəkəsinin istifadəçilərindən biri yazıb. Onun sözlərinə görə, obyekt demək olar ki, humanoid görünür və hətta əl-ayaq kimi hissələr də sezilir. “Əsas sual budur: bu, hansı sürətlə uçur?” - deyə o qeyd edib.

İstifadəçilərin bir hissəsi obyektin konturunu mələklə müqayisə edib. “Bu UNO sözün əsl mənasında mələyə bənzəyir. Sadəcə heyrətamiz videodur”, - deyə şərhlərdən birində bildirilib.

İezekielin təkərləri və Enoqun kitabı

İctimaiyyətin diqqətini çəkən digər video 2024-cü ilin iyununda ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit okean komandanlığı tərəfindən çəkilib. Kadrlarda su üzərində hərəkət edən başqa bir tünd substansiya göstərilir və o, hərəkət zamanı forması dəyişir.

Bu görüntü dərhal İezekielin təkəri ilə müqayisə olunub. Xristian mələkşünaslığında bu, ofanim kimi tanınır və peyğəmbərin qarşısında bir-birinə keçmiş, gözlərlə örtülü təkərlər şəklində görünən mələklərlə bağlı Bibliya təsvirinə işarə edir. Digər şərhçilər isə eyni rəvayətdəki çoxüzlü qanadlı varlıqlarla, keruvlarla paralellər aparıblar.

İnternetdə dini-mistik mübahisələrin qızışmasında Nümayəndələr Palatasının Florida ştatından olan respublikaçı üzvü Anna Paulina Luna da fəal rol oynayır. O, UNO-larla bağlı həqiqətin üzə çıxarılmasının əsas siyasi tribunalarından biri sayılır və son həftələrdə dini məzmunlu paylaşımlar edərək diqqət çəkib.

Belə ki, mayın 8-də, UNO-lara dair sənədlərin ilk paketinin açıqlandığı gün Luna “X”də qanadlı ofanim-mələyin təsvirini paylaşıb. Ondan bir ay əvvəl isə qısa şəkildə “Enoqun kitabını oxuyun” yazıb. Bu, ufoloqların Yer kürəsinə qədim gəlmələrin səfərlərinə sübut kimi tez-tez istinad etdiyi qədim apokrif mətnə işarədir.

Ağ Evin mövqeyi: “Bunlar cəhənnəmdən gəlmiş şeytanlardır”

UNO-lar və xristian mistikası arasında aparılan paralellər hətta Oval kabinetə qədər gedib çıxıb. ABŞ vitse-prezidenti Cey Di Vens açıq şəkildə ehtimal edib ki, insanlar tərəfindən onilliklərdir səmada müşahidə edilən qəribə obyektlər məhz cəhənnəmdən gəlmiş varlıqlar ola bilər.

“Onların yadplanetlilər olduğunu düşünmürəm. Məncə, bunlar şeytanlardır, amma bu, uzun söhbətin mövzusudur”, - deyə vitse-prezident mart ayında mühafizəkar podkaster Benni Consona müsahibəsində bildirib. O, həmçinin qeyd edib: “Dünyanın hər böyük dini, o cümlədən mənim inandığım xristianlıq həmişə dünyamızdan kənarda qəribə şeylərin olduğunu anlayıb. Mən paranormal hadisələr barədə eşidəndə xristian təsəvvürə əsaslanıram: kainatda çox yaxşılıq var, amma mütləq şər də var”.

Skeptiklərin versiyası: folqa şarlar və reaktiv bel çantaları

Bununla belə, auditoriyanın böyük hissəsi obyektlərin “ilahi” mənşəyi versiyasına maksimum skeptisizm ilə yanaşıb və real vəziyyətə qayıtmağa çağırıb.

“Bunlar sözün əsl mənasında küləyin fırlatdığı maylar şarlardır. Yaxşı baxsanız, onların bəzən bir-birindən ayrıldığını görə bilərsiniz”, - deyə “X” istifadəçilərindən biri qeyd edib.

Digərləri isə tamamilə yerli, amma qabaqcıl texnologiyalara, məsələn, fərdi reaktiv bel çantalarına işarə ediblər. “Bu, sadəcə jetpack taxmış bir oğlandır. Bu paylaşımın BÜTÜN videoları arasında məhz bu, ən az maraqlı və ən asan izah olunanıdır”, - deyə başqa bir istifadəçi bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UNO   ABŞ  


Bizi "telegram"da izləyin