Ordu.az xəbər verir ki, müqavilə çərçivəsində ümumilikdə 1 459 ədəd əyləc sistemi istilik udma komponenti tədarük ediləcək.
ABŞ Hərbi Dəniz Hava Sistemləri Komandanlığı (NAVAIR) tərəfindən verilən müqavilənin F-35 parkında uzun müddətdir davam edən istilik idarəetməsi problemlərini azaltmaq və təyyarələrin əməliyyat hazırlıq səviyyəsini artırmaq məqsədi daşıdığı bildirilib.
İstehsal ediləcək 1 459 ədəd istilik udma komponentindən 1 075-i F-35A, 384-ü isə qısa uçuş və şaquli enmə imkanına malik F-35B variantı üçün istifadə olunacaq. İşlərin ABŞ-nin İndiana ştatının Saut-Bend şəhərində həyata keçiriləcəyi və tədarüklərin 2030-cu ilin martına qədər tamamlanacağı açıqlanıb.
F-35 təyyarələrinin eniş zamanı yüksək sürət və çəki səbəbindən əyləc sistemlərində ciddi istilik yarandığı, bu istiliyin kifayət qədər yayılmamasının isə avionik komponentlər, sensorlar və kabel sistemlərinə mənfi təsir göstərdiyi qeyd olunub.
Müqavilə sənədlərində yeni hissələrin “mövcud istilik idarəetmə məhdudiyyətlərinin aradan qaldırılması” və “kritik avionik sistemlərin etibarlılığının qorunması” məqsədilə alındığı bildirilib.
F-35 proqramı son illərdə texniki xidmət və depo səviyyəli təmir imkanları ilə bağlı ciddi problemlərlə gündəmə gəlmişdi. ABŞ Hesablama Palatasının (GAO) 2023-cü il hesabatına görə, F-35 parkının əməliyyat hazırlıq göstəricisi təxminən 55 faiz səviyyəsində qalıb.
Xüsusilə əyləc sistemlərinin texniki xidmət prosesinin mürəkkəbliyi səbəbindən bəzi təyyarələrin aylarla texniki xidmət müəssisələrində gözlədiyi, ehtiyat hissələrinin çatışmazlığının isə əməliyyat donanmalarındakı təyyarə sayına birbaşa təsir etdiyi vurğulanır. Yeni istilik udma komponentlərinin texniki xidmətdə olan təyyarələrin yenidən xidmətə qayıtma müddətini azaltması planlaşdırılır.
100 milyon dollarlıq maliyyənin 44 milyon dolları ABŞ Hərbi Hava Qüvvələri, 29 milyon dolları ABŞ Hərbi Dəniz Qüvvələri, 11 milyon dolları Xarici Hərbi Satış (FMS) müştəriləri, 17 milyon dolları isə F-35 proqramının tərəfdaş ölkələri tərəfindən qarşılanacaq.
Mütəxəssislər hesab edirlər ki, əyləc sistemi üçün görülən bu tədbirlər F-35 proqramındakı daha geniş istilik idarəetmə problemlərinin yalnız bir hissəsidir.
F-35-in Güc və İstilik İdarəetmə Sisteminin (PTMS) xüsusilə “Block 4” modernizasiya paketi ilə birlikdə artacaq radar və radioelektron mübarizə yüklərini daşımaqda çətinlik çəkdiyi bildirilir.
“Collins Aerospace” və “Honeywell” şirkətlərinin yeni nəsil soyutma həlləri üzərində çalışdığı, lakin bu sistemlərin ən tez 2030-2032-ci illərdə istifadəyə veriləcəyinin gözlənildiyi qeyd olunur.
Hazırda dünya üzrə 19 ölkə tərəfindən istifadə olunan F-35 parkının ümumi sayı 1 100 təyyarəni ötür və davam edən istehsalla birlikdə texniki xidmət və logistika yükünün daha da artacağı proqnozlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az