Aİ diplomatiyasının rəhbəri Rusiyada NATO-ya hücum məqsədilə mümkün mobilizasiya barədə danışıb

2026/05/1779895046.jpg
Oxunub: 385     19:10     27 May 2026    
Vladimir Putinin hesablaması NATO ölkələri ilə eskalasiyaya getmək ola bilər ki, bu da öz növbəsində Rusiyada yeni mobilizasiya perspektivi ilə bağlıdır.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas “The Wall Street Journal” nəşrinə müsahibəsində bildirib.

“Əgər siz mobilizasiyanı sadəcə bu müharibə - Ukraynaya qarşı müharibə üçün həyata keçirirsinizsə, deməli, əslində həmin müharibədə qalib gəlmədiyinizə dair siqnal verirsiniz. Buna görə də elə bir məqam gəlir ki, mobilizasiyanı əsaslandırmaq üçün eskalasiya lazım olur. Bu isə çox təhlükəli məqamdır”, - deyə Kallas bildirib.

“Əlbəttə, heç kim Vladimir Putinin başında nə baş verdiyini görə bilməz. Lakin onun hesablaması məhz irəli çıxaraq bu müharibənin məntiqini dəyişmək ola bilər”, - deyə o əlavə edib.

Qərb kəşfiyyat məlumatlarına görə, hazırda Rusiya qoşunları Ukraynada hər ay təxminən 35 min hərbçi itirir. Bu rəqəm Kremlin müqaviləli hərbçilər və könüllülər hesabına toplaya bildiyindən daha çoxdur.

“The Wall Street Journal” yazır ki, yeni mobilizasiya baş verməyəcəyi təqdirdə yaxın zamanda müharibəni eyni templə davam etdirmək mümkün olmayacaq.

Nəşr qeyd edir ki, 2022-ci ilin payızında həyata keçirilən və 300 min nəfəri əhatə edən səfərbərliyin təkrarlanması həm Rusiyanın daxilində, həm də xaricində ciddi nəticələrə səbəb olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya   NATO  


Bizi "telegram"da izləyin