Ordu.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, ABŞ ilkin mərhələdə təhvil verilməsi planlaşdırılan 8 ədəd F-35 döyüş təyyarəsinin iki partiya şəklində çatdırılmasını təklif edib.
“OnAlert.gr” saytının məlumatına görə, mövcud plana əsasən 2030-cu ildə təhvil verilməsi gözlənilən ilk 8 təyyarə 4+4 formatında bölünə bilər və ilk 4 F-35 2029-cu ildə Yunanıstana çatdırıla bilər.
Yunanıstanın ilkin mərhələdə ümumilikdə 20 ədəd F-35A döyüş təyyarəsi tədarük etməyi planlaşdırdığı, gələcəkdə isə bu sayın artırılmasının da nəzərdən keçirildiyi məlumdur. Məlumata görə, ABŞ tərəfi Yunanıstana ilk partiya təhvil üçün alternativ qrafik təqdim edib.
Buna əsasən ilk 8 təyyarənin bir dəfəyə deyil, iki ayrı 4 təyyarəlik paket şəklində çatdırılması gündəmdədir. Yunanıstan Hərbi Hava Qüvvələrinin bu variantı “ciddi şəkildə qiymətləndirdiyi” bildirilir. Qeyd olunub ki, erkən təhvil yalnız vaxt baxımından deyil, həm də əməliyyat və strateji nəticələr doğuracaq.
İlk 4 F-35-in modernizasiya işləri davam edən Andravida aviabazasında yerləşdirilməsi planlaşdırılır. Məlumata görə, bu addım Yunanıstanın “5-ci nəsil döyüş təyyarəsi dövrünə keçidinin simvolik başlanğıcı” hesab olunur və “Andravida” gələcəkdə Yunanıstan Hərbi Hava Qüvvələrinin əsas F-35 mərkəzinə çevriləcək.
F-35-lərin erkən təhvil planının həyata keçirilməsi üçün “Andravida” aviabazasındakı infrastruktur işlərinin kritik əhəmiyyət daşıdığı vurğulanıb.
Təxminən 290 milyon avro dəyərində layihələrin təhlükəsizlik infrastrukturu, texniki xidmət obyektləri, məlumat şəbəkələri, tapşırıq planlaşdırma sistemləri və aşağı görünmə xüsusiyyətinə malik platformaların texniki xidmətinə yönəlik xüsusi sahələri əhatə etdiyi bildirilib.
F-35 yalnız döyüş təyyarəsi deyil, həm də “uçan məlumat mərkəzi” xüsusiyyətinə malik platformadır. Pilot hazırlığı prosesi ilə bağlı da yeni model nəzərdən keçirilir. Yunanıstan ilkin mərhələdə ABŞ-yə göndəriləcək pilot sayını məhdud saxlamağı düşünür. Buna əsasən Afina rəhbərliyi ilk F-35-lərin daha erkən tarixdə ölkəyə çatdırılması ilə uçuş saatlarının böyük hissəsinin birbaşa yunan pilotları tərəfindən Yunanıstanda həyata keçirilməsini hədəfləyir.
“OnAlert.gr” saytının məlumatına görə, ABŞ-də keçirilən hazırlıq prosesində Yunanıstana məxsus F-35-lərdən amerikalı pilotlar da istifadə edəcək və buna görə ilk uçuş saatlarının əhəmiyyətli hissəsi ABŞ-də sərf olunacaq.
Qeyd edilib ki, hər F-35 uçuş saatı yalnız iqtisadi deyil, həm də əməliyyat və təlim baxımından böyük dəyər daşıyır. Həmçinin bildirilib ki, ilk F-35 pilotları gələcəkdə Yunanıstanın öz F-35 hazırlıq infrastrukturunu formalaşdıracaq əsas heyəti təşkil edəcək. Bu çərçivədə seçiləcək pilotların yalnız uçuş hazırlığı keçməyəcəyi, eyni zamanda F-35-in Yunanıstanın əməliyyat ehtiyaclarına uyğun istifadəsi ilə bağlı doktrina hazırlayacağı vurğulanıb.
Yunanıstan tərəfi F-35-in “Rafale” və F-16V döyüş təyyarələri ilə birlikdə fəaliyyət göstərəcəyi yeni şəbəkə mərkəzli əməliyyat strukturu qurmağı hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az