Ordu.az xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin rəsmi nümayəndəsi Çen Binhuan açıqlama verib.
O bildirib ki, Çin tərəfi ABŞ ilə Çinin Tayvan bölgəsi arasında rəsmi təmasların istənilən formasına qəti şəkildə qarşıdır.
Rəsmi nümayəndə əlavə edib ki, Pekin eyni zamanda ABŞ tərəfindən Tayvan administrasiyasına silah satışını da qəbuledilməz hesab edir.
Çen Binhuan bu açıqlamanı ABŞ Prezidenti Donald Tramp ilə Tayvan administrasiyasının rəhbəri Lay Tsindenin mümkün dialoqu və Taypeyə Amerika silahlarının tədarükü ilə bağlı xəbərləri şərh edərkən səsləndirib.
Onun sözlərinə görə, Pekin ABŞ-dən “vahid Çin” prinsipinə hörmət etməyi və Çin ilə yüksək səviyyədə əldə olunmuş razılaşmalara uyğun davranmağı tələb edir. Çin rəsmisi vurğulayıb ki, ABŞ Tayvan məsələsinə “maksimum ehtiyatla” yanaşmalı və separatçılara “yanlış siqnallar göndərməyi” dayandırmalıdır.
Çen Binhuan qeyd edib ki, Vaşinqton konkret addımlarla Tayvan boğazında sülh və sabitliyi dəstəkləməli, həmçinin iki ölkə arasındakı münasibətlərin sabitliyini təmin etməlidir.
Rəsmi nümayəndə Tayvanda hakim olan Demokratik Proqressiv Partiyanı bölgədə vəziyyəti sabitsizləşdirməkdə də ittiham edib.
O bildirib ki, Taypey administrasiyasının ABŞ dəstəyinə arxalanaraq güc yolu ilə Tayvanın müstəqilliyinə nail olmaq cəhdləri böhran vəziyyətinin yaranmasına səbəb ola bilər.
Çen Binhuan əlavə edib ki, silah alışları Tayvanın materik Çindən ayrılmasına kömək etməyəcək.
Sevinc Əliyeva
Ordu.az