Ordu.az xəbər verir ki, şirkət bununla bağlı mayın 26-da məlumat yayıb.
Bildirilib ki, müqavilə beşillik müddət ərzində quru qoşunları yönümlü çox təbəqəli modernizasiya proqramını əhatə edir.
Proqram çərçivəsində avtonom insansız sistemlər, quru radioelektron mübarizə həlləri, yüksək dəqiqlikli idarəolunan sursatlar, elektro-optik kəşfiyyat və hədəfləmə sistemləri, eləcə də proqram təminatı ilə idarə olunan rabitə şəbəkələri tədarük ediləcək.
“Elbit Systems” qeyd edib ki, sözügedən müqavilə şirkət tarixindəki ən böyük tək müdafiə müqavilələrindən biridir. Şirkətin təqdim edəcəyi paket kəşfiyyat, hədəf aşkarlanması, radioelektron mübarizə, yüksək dəqiqlikli zərbə və şəbəkə mərkəzli müharibə qabiliyyətlərini vahid struktur altında birləşdirməyi hədəfləyir.
Xüsusilə Ukrayna müharibəsindən sonra Avropa ordularında prioritet qazanan insansız sistemlər və radioelektron mübarizə həllərinin proqramın əsas elementləri arasında yer aldığı bildirilib. Müqavilə çərçivəsində tədarük ediləcək yüksək dəqiqlikli idarəolunan artilleriya sursatları və “hava-yer” sursatlarının uzaqmənzildə yüksək dəqiqlikli nişanalma qabiliyyəti təqdim edəcəyi vurğulanıb.
Elektro-optik kəşfiyyat və hədəfləmə sistemlərinin isə real vaxt rejimində hədəf məlumatı təqdim edərək sursatların effektivliyini artırmasının nəzərdə tutulduğu qeyd olunub. Proqramın diqqət çəkən elementlərindən biri də proqram təminatı ilə idarə olunan radio rabitə infrastrukturu olub.
Bu sistemlərin radioelektron mübarizə mühitində fərqli tezliklər arasında sürətli keçid edərək rabitənin fasiləsiz davam etməsinə imkan yaradacağı bildirilib. Beləliklə, sensorlar, komanda mərkəzləri və atəş dəstəyi vasitələri arasında ortaq taktiki mənzərə yaradılmasının hədəfləndiyi vurğulanıb.
“Elbit Systems”in prezidenti və baş icraçı direktoru Bezalel Maxlis müqavilə ilə bağlı açıqlamasında bildirib ki, bu müqavilə şirkətin geniş müdafiə portfelini və dəyişən əməliyyat ehtiyaclarına uyğun inteqrasiya olunmuş həllər hazırlamaq qabiliyyətini əks etdirir.
Maxlis əlavə edib ki, şirkətin dünya orduları ilə həyata keçirdiyi əməkdaşlıq və texnologiya inkişaf etdirmə potensialı yeni tələblərin artmasına səbəb olur.
Sevinc Əliyeva
Ordu.az