Ordu.az xəbər verir ki, bu barədə “Bombardier Defense” məlumat yayıb.
Bildirilib ki, təyyarələr milli təhlükəsizlik sahəsində fəaliyyət göstərən “Metrea” müdafiə şirkəti tərəfindən istismar olunacaq.
“Bombardier Defense” qeyd edib ki, “Global 6500” platforması uzaqmənzil, yüksək sürət, uzun müddət havada qalma və əməliyyat etibarlılığı kimi xüsusiyyətləri sayəsində Avstraliyanın hava müşahidə proqramına yeni imkanlar qazandıracaq.
“Bombardier Defense”in qlobal satışlar üzrə vitse-prezidenti Maykl Ankner məsələ ilə bağlı açıqlamasında bildirib ki, “Global 6500” təyyarəsi üstün uzaqmənzil, sürət, davamlılıq və etibarlılıq xüsusiyyətləri ilə dəniz müşahidə tapşırıqları üçün yeni qabiliyyət səviyyəsi təqdim edir.
Ankner əlavə edib ki, şirkətin komandaları bu “oyun dəyişdirən” platformanın Avstraliya Sərhəd Qüvvələrinin hava müşahidə proqramı üçün seçilməsindən qürur duyurlar.
Proqram çərçivəsində “Global 6500” platforması Avstraliyada xüsusi missiya konfiqurasiyası ilə istifadə olunacaq.
“Bombardier” vurğulayıb ki, platforma bundan əvvəl də dünyanın müxtəlif bölgələrində fərqli xüsusi missiya proqramlarında uğurla xidmət edib. Şirkətin “Learjet” və “Challenger” platformaları hazırda Avstraliyada axtarış-xilasetmə və tibbi təxliyə tapşırıqlarında istifadə olunur.
“Bombardier” bildirib ki, “Global 6500” xüsusilə uzaqmənzilli və yüksək tempdə həyata keçirilən xüsusi missiya əməliyyatları üçün uyğun həll təqdim edir. Məlumata görə, hazırda Avstraliyada “Learjet”, “Challenger” və “Global” ailələrinə məxsus 75-dən çox biznes təyyarəsi fəaliyyət göstərir.
Şirkətin son illərdə ölkədə texniki xidmət və dəstək infrastrukturunu genişləndirmək məqsədilə investisiyalar etdiyi qeyd olunub. Bu çərçivədə “Bombardier” 2022-ci ildə Melburn Essendon Fields Hava Limanında Melburn Xidmət Mərkəzini açıb.
2025-ci ilin martında Pert şəhərində yeni Xətt Baxım Stansiyası qurulacağını elan edən şirkət, 2024-cü ilin mayında isə Adelaidadada ilk beynəlxalq “Bombardier Defense” ofisini istifadəyə verib. Şirkət bildirib ki, Adelaida ofisi xüsusilə Avstraliyadakı xüsusi missiya istifadəçilərinə daha geniş texniki dəstək göstərmək məqsədilə yaradılıb.
Sevinc Əliyeva
Ordu.az