Ordu.az bölgədə baş verən son hadisələrlə bağlı qısa icmalı təqdim edir.
Məlumata görə, İran və ABŞ arasında aparılan danışıqlarla bağlı xəbərlər yalnız tərəflərin dialoq qurmaq cəhdlərini əks etdirir. Bununla yanaşı, İsrail elan olunmuş atəşkəsə baxmayaraq Livan ərazisinə zərbələr endirməyə davam edir ki, bu da faktiki olaraq atəşkəs rejiminin pozulduğunu göstərir.
ABŞ hərbçiləri İran hərbçilərinin “potensial təhlükəli fəaliyyəti” qeydə alındıqdan sonra İran hədəflərinə zərbələr endirib. “The New York Times” nəşrinin məlumatına görə, ABŞ hərbi təyyarələri Hörmüz boğazında mina yerləşdirməyə çalışan SEPAH-a məxsus iki sürətli qayığı məhv edib.
Eyni zamanda ABŞ Prezidenti Donald Tramp yenidən Amerika mediasını İranla bağlı hadisələri qeyri-obyektiv işıqlandırmaqda ittiham edib. Bundan əlavə, CENTCOM dəniz blokadası başlayandan bəri İranla əlaqəli 108 ticarət gəmisinin saxlanıldığını açıqlayıb.
İsrail Baş naziri Benyamin Netanyahu isə HƏMAS-ın hərbi qanadının yeni rəhbəri Məhəmməd Odenin Qəzzada hədəfə alındığını bildirib.
Sevinc Əliyeva
Ordu.az