Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri Rusiya energetika naziri Sergey Tsivilyovun Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə ünvanladığı məktuba istinadən məlumat yayıb.
Məktubda bildirilir ki, Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirmək istiqamətində atdığı praktiki addımlar və hökumətin Avropa İttifaqına üzvlük niyyəti Rusiya-Ermənistan ticarət-iqtisadi və investisiya əməkdaşlığının əsasını təşkil edən yüksək səviyyəli münasibətlərin qorunub saxlanılması və inkişafı üçün təhlükə yaradır.
Sergey Tsivilyov qeyd edib ki, Ermənistanın Avropa İttifaqına daxil olmaq cəhdləri “ölkələrimizin hökumətləri və təsərrüfat subyektləri arasında onilliklər boyu qarşılıqlı hörmət və faydalı əməkdaşlıq əsasında qurulmuş tərəfdaşlığın xarakterinə, həmçinin Ermənistanın həyati ehtiyaclarının güzəştli şərtlərlə təmin olunması istiqamətində Rusiyanın dəfələrlə atdığı praktiki addımlara uyğun gəlmir”.
Rusiya Energetika Nazirliyi və Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məsələ ilə bağlı şərh verməyib. Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan da “Kommersant”ın sorğusunu cavablandırmayıb.
2013-cü il sazişinə əsasən, Rusiya Ermənistana neft məhsulları, qaz və almaz tədarükünə tətbiq olunan ixrac gömrük rüsumlarını müddətsiz ləğv edib. Bu addım Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü istiqamətində atdığı növbəti mərhələ olub. Hazırda bu quruma Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan da daxildir.
Sazişə əsasən, Moskva Ermənistana daxili istehlak həcmlərinə uyğun olaraq neft məhsulları və qaz tədarük edir və üçüncü ölkələrə reeksport qadağandır. Sənəddə həmçinin qeyd olunur ki, tərəflərdən birinin təşəbbüsü ilə saziş dayandırılarsa, Ermənistanın Rusiyaya kompensasiya ödəmək və ya ödənilməmiş məbləği Rusiya qarşısında dövlət borcu kimi tanımaq öhdəliyi qüvvədə qalacaq.
Ermənistan qaz tələbatını demək olar ki, tam şəkildə Rusiya qazı hesabına ödəyir. 2025-ci ildə “Qazprom” ölkəyə təxminən 2,7 milyard kubmetr qaz tədarük edib. Bundan əlavə, “Qazın elektrik enerjisi müqabilində verilməsi” proqramı çərçivəsində İrandan təxminən 476 milyon kubmetr qaz alınır. Ermənistan İrana əsasən Hrazdan İstilik Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisi ixrac edir, İran isə Ermənistana hər 1 kubmetr qaz müqabilində 3 kilovat-saat elektrik enerjisi nisbəti ilə təbii qaz verir.
Həcmi 2,5 milyard kubmetrə qədər olan uzunmüddətli tədarük müqaviləsi Ermənistanın “Qazprom Armeniya” şirkəti ilə bağlanıb. 2019-cu ilin sonunda imzalanmış əlavə razılaşmaya əsasən, Rusiya qazının Ermənistan üçün qiyməti 1000 kubmetr üçün 165 dollar müəyyən edilib. 2022-ci ildə tərəflər bu qiymətin daha 10 il müddətində saxlanılması barədə razılığa gəliblər.
Aprelin əvvəlində Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla görüş zamanı bildirib ki, Rusiya Ermənistana qazı 1000 kubmetr üçün 177,5 dollara satır, halbuki Avropada bu qiymət hazırda təxminən 600 dollardır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mayın 25-də bəyan edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyini tərk edərsə, ölkə üçün qazın güzəştli qiyməti bazar qiymətinə çevriləcək.
Nəşrin yazdığına görə, İrəvan hər il Rusiyadan gömrük rüsumu olmadan təxminən 0,9-1 milyon ton neft məhsulu idxal edir. Bununla belə, son illərdə Ermənistan idxal mənbələrini nəzərəçarpacaq dərəcədə şaxələndirib.
Məsələn, 2025-ci ildə Ermənistan təxminən 120,7 min ton Aİ-92 markalı benzin idxal edib. Bunun 50,6 min tonu Rusiyadan gətirilib, qalan hissəsi isə Rumıniya və Misirdən tədarük olunub. Aİ-95 markalı benzinin idxalı 74,7 min ton təşkil edib. Bunun yalnız 6 min tonu Rusiyadan gətirilib. Əsas tədarükçülər isə Rumıniya, Misir və Bolqarıstan olub.
Ermənistanın Avropa İttifaqı ölkələrindən, Türkiyədən və Azərbaycandan da yanacaq almaq imkanları var. Xüsusilə Azərbaycan 2025-ci ilin dekabrından etibarən Ermənistana benzin və dizel yanacağı tədarük etməyə başlayıb.
Almazlar isə 2016-cı ildə Ermənistanın Avrasiya İqtisadi Birliyinin müqaviləsinə qoşulması ilə əlaqədar olaraq sazişin tənzimləmə sahəsindən çıxarılıb. Ermənistana idxal olunan bütün daşların təxminən 50%-i Rusiya mənşəlidir.
Alpər Mövludoğlu
Ordu.az