Ordu.az xəbər verir ki, bunu Moskvada keçirilən KTMT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin komitə iclasında Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
Şoyqu təəssüf ifadə edərək qeyd edib ki, təşkilata üzv ölkələrdən biri olan və Avropa İttifaqına üzvlük siyasəti yürüdən Ermənistan “təhdidin birbaşa mənbəyinin yanında” müdafiə axtarır. O bildirib ki, İrəvan gələcəkdə “hansı qatarla hərəkət edəcəyinə” qərar verməlidir.
“Kommersant” nəşrinin məlumatına görə, Ermənistan nümayəndələri müşavirəni boykot ediblər.
Sergey Şoyqu bildirib ki, KTMT-nin məsuliyyət zonasında mövcud çağırışlarla yanaşı, yeni təhlükələr də yaranır.
“Xüsusilə KTMT-nin qərb sərhədləri yaxınlığında gərgin vəziyyət formalaşır. Əsas təhlükə NATO alyansından və onun tərkibinə daxil olan, revanşist və militarist isteriyaya qapılmış “sivil Avropa” ölkələrindən qaynaqlanır”, - deyə o vurğulayıb.
Şoyqu ən aktual təhlükələr sırasında NATO üzvü ölkələrin hərbi xərclərinin kəskin artmasını, 2025-ci ildə 1,5 trilyon dollardan çox olmasını, Şimali Atlantika alyansının KTMT-nin qərb sərhədləri yaxınlığında hərbi potensialını, infrastrukturunu və kəşfiyyat fəaliyyətini genişləndirməsini, həmçinin həmin bölgədə tez-tez keçirilən təlimləri qeyd edib. Onun sözlərinə görə, bu təlimlər çərçivəsində Rusiya və Belarusun İttifaq Dövlətinə zərbələrin endirilməsi ssenariləri də işlənilir.
Şoyqunun sözlərinə görə, “problemlər çoxdur və onların birlikdə həlli daha effektivdir”.
“Təəssüf ki, erməni tərəfdaşlarımız bunu anlamırlar və təhlükənin birbaşa mənbəyinin yanında müdafiə axtarırlar. Lakin bu, Ermənistan rəhbərliyinin seçimidir və öz ölkəsi ilə xalqının gələcəyi qarşısında məsuliyyətidir”, - deyə o bildirib.
Ermənistan KTMT-də Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanla birlikdə təmsil olunur. İclasın keçirildiyi məkanda Ermənistan bayrağı təşkilatın bütün ekranlarında və plakatlarında nümayiş etdirilib. Lakin İrəvan nümayəndələri tədbirdə iştirak etməyiblər və artıq uzun müddətdir ki, alyansın tədbirlərini boykot edirlər.
Sergey Şoyqunun sözlərinə görə, bu boykot “uydurma bəhanələrlə” həyata keçirilir.
“Son vaxtlar onlar bəhanələri dəyişməyə belə çalışmırlar. Bəhanə daim eynidir: KTMT-nin Qarabağ ətrafında baş verən hadisələrə reaksiya verməməsi. Halbuki KTMT müdafiə təşkilatıdır və biz yalnız bizə müraciət ediləndə, ölkəyə hücum olanda reaksiya veririk”, - deyə o qeyd edib.
Şoyqu bildirib ki, Ermənistan ərazisinə heç kim hücum etməyib və İrəvan tərəfindən yardım göstərilməsi ilə bağlı heç bir müraciət olmayıb.
Onun sözlərinə görə, buna baxmayaraq, Rusiya və şəxsən Prezident Vladimir Putin münaqişənin həlli istiqamətində fəal rol oynayıblar.
“Üstəlik, münaqişədən sonra KTMT tərəfindən Ermənistan-Azərbaycan sərhədində KTMT müşahidəçilərinin yerləşdirilməsi təklif olunmuşdu. Lakin erməni tərəfi buna ehtiyac olmadığını bildirdi. Bunun əvəzində isə birdən-birə Avropa İttifaqı müşahidəçilərinə ehtiyac yarandı”, - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi əlavə edib.
Mayın 26-da ABŞ dövlət katibi Marko Rubio İrəvana səfər edib. Qısa səfər çərçivəsində ABŞ və Ermənistan arasında hərtərəfli strateji tərəfdaşlıq xartiyası, “Tramp marşrutu” (Zəngəzur dəhlizi-red.) layihəsi çərçivəsində əməkdaşlıq üzrə çərçivə sazişi, həmçinin kritik minerallar və nadir metalların hasilatı və emalı sahəsində əməkdaşlığa dair çərçivə sənədi imzalanıb.
Marko Rubio İrəvanla münasibətlərin inkişafını Vaşinqton üçün “prioritetlərdən biri” adlandırıb. Bundan əvvəl Ermənistan Böyük Britaniya ilə də strateji əməkdaşlıq sazişi imzalayıb və qanunvericilik səviyyəsində Avropa İttifaqına üzvlük kursunu təsdiqləyib.
“Kommersant” nəşrinin Ermənistanın Rusiyanın geosiyasi rəqibləri ilə yaxınlaşmasını nəzərə alaraq KTMT üzvü olaraq qalıb-qalmayacağı ilə bağlı sualına cavab verən Sergey Şoyqu satirik şair İqor Qubermanın misralarını dəyişdirilmiş formada sitat gətirib: “Eyni oturacaqla fərqli qatarlarda oturmaq olmaz”.
“Lazımdır ki, insan özü üçün hansı qatarın ona, ölkəsinə və xalqına uyğun olduğunu seçsin”, - deyə Şoyqu bildirib.
Alpər Mövludoğlu
Ordu.az