Şuşadan kənara uzanan müttəfiqlik: Azərbaycan və Türkiyə

2026/05/1779825961.jpg
Oxunub: 524     00:01     27 May 2026    
Türkiyə-Azərbaycan münasibətləri Qarabağ Zəfərindən sonra inkişaf etməyə davam edir. Bu kontekstdə imzalanan Şuşa Bəyannaməsi ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksəldiyi görünür.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Defenceturk.net” nəşri “Şuşadan kənara uzanan müttəfiqlik: Azərbaycan və Türkiyə” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, bu müddətdə yaşanan proseslər bölgə dinamikaları baxımından sülh mühitinin formalaşdırılması kimi qiymətləndirilir.

“Türkiyənin bölgədəki digər aktorlarla münasibətləri inkişaf etdirmək siyasəti Azərbaycanın milli təhlükəsizlik məsələlərini də nəzərə almaqla həyata keçirilir. Bu araşdırmada nəzəri çərçivə, hərbi və texniki detallar, enerji geosiyasəti və regional diplomatiya məsələləri birlikdə təhlil edilərək mövzuya əhatəli və bütöv yanaşma təqdim olunmağa çalışılır.

Azərbaycan və Ermənistan arasında 2020-ci ildə baş verən Qarabağ müharibəsinin ikinci mərhələsi (Vətən müharibəsi) 1990-cı illərin əvvəlində başlayan və uzun illər davam edən işğala qarşı Azərbaycanın öz torpaqlarını geri qaytarmaq uğrunda mübarizəsi kimi tarixə düşdü. Ermənistan qüvvələri işğal altındakı ərazilərdən Azərbaycanın mülki yaşayış məntəqələrinə qarşı da hücumlar həyata keçirirdi.

Buna cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyevin “Dəmir Yumruq” adlandırdığı əməliyyat nəticəsində torpaqlar azad edildi. Qazanılan qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm mərhələ keçildi, eyni zamanda ölkənin Qafqaz bölgəsindəki mövqeyi də gücləndi. Azərbaycan bütün bu müddətdə yaxın əməkdaşlıq etdiyi Türkiyə ilə strateji münasibətlərini daha da dərinləşdirir”, - deyə müəllif vurğulayıb.

Məqalədə qeyd edilib ki, müharibədən sonra bu istiqamətdə imzalanan Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasındakı dərin tarixi, mədəni və siyasi bağları rəsmi təhlükəsizlik sazişi kimi sənədləşdirən mühüm dönüş nöqtəsinə çevrildi.

“Bəyannamə iki ölkənin regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığını genişləndirməyi də hədəfləyir.

Yeni dövr başlayır: Qarabağ Zəfəri

Cənubi Qafqazın təhlükəsizlik arxitekturası 2020-ci ildə baş vermiş Qarabağ müharibəsinin ikinci mərhələsi ilə köklü dəyişiklik mərhələsinə daxil olub.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər müharibədən sonrakı dövrdə imzalanan Şuşa Bəyannaməsi ilə “qardaşlıq” anlayışından çıxaraq institusional və strateji hərbi müttəfiqlik formasında qurulmağa başlayıb.

Şuşa Bəyannaməsinin yaratdığı müdafiə öhdəlikləri, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğun yenidən qurulması və Zəngəzur dəhlizi xəttində formalaşan yeni enerji və logistika balansı diqqət mərkəzindədir. Bundan başqa, “3+3” Regional Əməkdaşlıq Platforması çərçivəsində regional sahiblik və sabitlik axtarışları davam edir”, - deyə müəllif vurğulayıb.

Nəşr yazıb ki, Soyuq müharibədən sonrakı dövrdə Cənubi Qafqaz, xüsusilə Qarabağ məsələsi uzun illər ərzində ədəbiyyatda “dondurulmuş münaqişə” anlayışı ilə xarakterizə olunurdu.

“Lakin 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Qarabağ müharibəsinin ikinci mərhələsinin (Vətən müharibəsi) Azərbaycanın tam qələbəsi ilə nəticələnməsindən sonra bu statik anlayış aktuallığını itirdi və bölgə dinamik transformasiyanın mərkəzinə çevrildi.

Azərbaycanın təxminən 30 illik işğala hərbi və diplomatik gücü ilə son qoyması təkcə İrəvan və Bakı arasındakı balansı deyil, regional və qlobal güclərin (Rusiya, İran, Türkiyə və Qərb) Qafqaz siyasətini də yenidən formalaşdırır.

Beynəlxalq münasibətlər nəzəriyyələri baxımından müxtəlif ölçülü dövlətlərin müttəfiqlik qurmaq davranışları adətən balanslaşdırma və ya hansısa gücün arxasınca getmək kimi izah olunur. Lakin Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər klassik realist yanaşmalardan kənara çıxaraq konstruktivist kimlik birliyi ilə realist maraq ortaqlığının hibrid modelini təqdim edir”, - deyə məqalədə vurğulanıb.

Müəllif bildirib ki, Barri Buzanın “Regional Təhlükəsizlik Kompleksi” nəzəriyyəsi prizmasından baxıldıqda, Bəyannamə ilə Türkiyə Cənubi Qafqazda birbaşa təhlükəsizlik təminatçısı kimi inteqrasiya olunub.

“Bu inteqrasiyanın zirvə nöqtəsi isə 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamədir.

Strateji tərəfdaşlıqdan taley birliyinə: Şuşa Bəyannaməsinin hüquqi və siyasi çərçivəsi

Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Azərbaycanın Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. Həmin Bəyannamə 2022-ci il martın 22-də Türkiyənin “Rəsmi Qəzet”ində “Beynəlxalq Müqavilə” statusunda dərc olunub.

İki dövlət başçısının imzaladığı Şuşa Bəyannaməsi əsas etibarilə diplomatik münasibətləri dərinləşdirməyi və hərbi, iqtisadi, mədəni sahələrdə ortaq fəaliyyət göstərmək əzmini möhkəmləndirməyi hədəfləyir. Bəyannamə iki ölkənin ortaq maraqlarını nəzərə alaraq bölgədə sabitlik və sülh mühitini qorumağa yönəlmiş əsas maddələrdən ibarətdir”, - deyə nəşr bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şuşa   Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin