Ordu.az xəbər verir ki, bu barədə “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatı məlumat yayıb.
Təşkilatın yeni hesabatı körfəz ölkəsi olan BƏƏ-ni Çevik Dəstək Qüvvələrinə maliyyə və hərbi dəstək göstərməkdə ittiham edən beynəlxalq hüquq müdafiə qurumlarının açıqlamalarını daha da gücləndirib.
Xatırladılıb ki, Sudandakı bu hərbiləşdirilmiş qruplaşma hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı ilə nəticələnən vəhşiliklər törətməkdə geniş şəkildə ittiham olunur.
BƏƏ Xarici İşlər Nazirliyi isə “Associated Press” agentliyinin sorğusuna cavab olaraq ittihamları qəti şəkildə rədd edib.
“Human Rights Watch” təşkilatının Afrika bölməsinin icraçı direktoru Mausi Sequn bildirib ki, kolumbiyalı özəl hərbi müqaviləlilərin cəlb olunması BƏƏ-nin Çevik Dəstək Qüvvələrinə hərbi dəstək verdiyinə dair artan sübutların bir hissəsidir.
Hesabatda qeyd olunur ki, yüzlərlə kolumbiyalı muzdlunun Əbu-Dabidən təxminən 250 kilometr qərbdə yerləşən Əl-Dafra hərbi bazasında və BƏƏ paytaxtındakı digər obyektdə əmirlikli təlimatçıların rəhbərliyi altında hazırlıq keçdiyi müəyyən edilib.
Bildirilib ki, daha sonra onlar Sudana göndərilərək Çevik Dəstək Qüvvələrinin bölmələrini gücləndirmək üçün istifadə olunublar.
Hüquq müdafiə təşkilatı anonim kolumbiyalı döyüşçünün ifadəsinə istinadən yazıb ki, o, ötən ilin aprelində Cənubi Darfur əyalətinin inzibati mərkəzi Nyala yaxınlığındakı düşərgələrdə Çevik Dəstək Qüvvələrinin yeni çağırılmış üzvlərinə təlim keçib.
Muzdlu bildirib ki, hazırlıq keçənlərin bir çoxu çox azyaşlı uşaqlar olub.
Təşkilatın ekspertləri başqa bir kolumbiyalı müqaviləli hərbçi və Kolumbiya Silahlı Qüvvələrinin keçmiş zabitləri də daxil olmaqla bir sıra mənbələrlə müsahibə aparıblar.
Sevinc Əliyeva
Ordu.az