Ordu.az xəbər verir ki, bu barədə “War&Sanctions” platformasında yayımlanan araşdırma nəticələrində bildirilib.
Məlumata görə, pilotsuz uçuş aparatında Çin, ABŞ, Almaniya, Böyük Britaniya, İsveçrə, Yaponiya və Tayvan mənşəli hissələrdən istifadə olunub. Hesabatda qeyd edilir ki, “Geran-4”də istifadə olunan komponentlərin böyük hissəsi Çin istehsalıdır.
Pilotsuz uçuş aparatının güc qurğusunu Çinin “Telefly Telecommunications Equipment Co., Limited” şirkəti tərəfindən istehsal edilən LX-WP-160 mühərriki təşkil edir. Bildirilir ki, bu reaktiv mühərrik platformanın sürət və mənzil imkanlarını əhəmiyyətli dərəcədə artırır.
Araşdırmalar zamanı pilotsuz uçuş aparatında istifadə olunan 16 elementli CRP anten sisteminin də əsasən Çin mənşəli komponentlərdən ibarət olduğu müəyyən edilib. Sistemdə Çinin “Unicore Communications” şirkəti tərəfindən istehsal edilən və 2025-ci ilin oktyabrına aid olduğu bildirilən UC9810 GNSS qəbuledicisi aşkarlanıb.
Tədqiqatçılar platformada iki müxtəlif qəbuledici-ötürücü modul da müəyyən ediblər. Onlardan biri Çinin “Hunan Silicon Internet of Things Technology Co., Ltd” şirkətinin istehsalı olan SIT3232E modeli, digəri isə ABŞ-nin “Texas Instruments” şirkəti tərəfindən istehsal olunan 55ASLHK G4 LVC16T245 modeli olub.
Bundan əlavə, ABŞ-nin “Micron Technology” şirkətinin istehsalı olan 5KA17 RW214 yaddaş çipi ilə kimliyi tam müəyyən edilməyən iki müxtəlif mikroçipin də pilotsuz uçuş aparatında istifadə edildiyi bildirilib.
“Geran-4”də Almaniyanın “Infineon Technologies” şirkətinin istehsalı olan tranzistorlarla yanaşı, “Texas Instruments” tərəfindən istehsal edilən müxtəlif əməliyyat gücləndiriciləri, gərginlik çeviriciləri və rəqəmsal siqnal prosessorlarından istifadə olunduğu qeyd edilib.
Sistemdə Yaponiyanın “Nichicon” şirkətinə məxsus elektrolitik kondensatorların da yer aldığı bildirilib. Ukrayna tərəfi həmçinin Rusiya ordusunun 2026-cı ilin may ayının əvvəlində “Geran-4” reaktiv mühərrikli kamikadze pilotsuz uçuş aparatlarından ilk dəfə istifadə etdiyini açıqlayıb.
Həmin hücum zamanı Ukraynanın 1020-ci Zenit Raket Alayının bir “Geran-4” pilotsuz uçuş aparatını STING önləyici pilotsuz uçuş aparatı ilə vurduğu bildirilib. Mövcud məlumatlara əsasən, “Geran-4” təxminən 3 metr qanad açılımına və 3,5 metr uzunluğa malikdir.
Əvvəlki versiya ilə müqayisədə qalxış çəkisinin 350 kiloqramdan 450 kiloqrama yüksəldiyi qeyd olunur. LX-WP-160 reaktiv mühərrikinin isə seyir sürətini saatda 280-330 kilometrdən 350-500 kilometr aralığına yüksəltdiyi və mənzili 600 kilometrdən 850 kilometrə çatdırdığı bildirilir.
Sevinc Əliyeva
Ordu.az