“Sibirin Gücü-2” dalana dirənir: Çin Mərkəzi Asiyada yeni enerji marşrutu qurur

2026/05/1779818766.jpg
Oxunub: 801     22:04     26 May 2026    
Çin Prezidenti Si Cinpin Türkmənistana səfər dəvətini qəbul edib. Bu barədə Türkmənistan Prezidentinin Ofisinin yaydığı məlumatda bildirilib. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, bu razılıq Rusiya Prezidenti Vladimir Putin hələ Pekində olduğu vaxt verilib.

Putinin iki günlük səfəri zamanı “Sibirin Gücü-2” qaz kəməri layihəsi müzakirə olunsa da, heç bir qərar qəbul edilməyib. Söhbət Şərqi Sibirdən Monqolustan ərazisi vasitəsilə Çinə qədər uzanmalı olan 2600 kilometrlik qaz kəmərindən gedir. Tərəflər bu layihəni artıq təxminən iki onillikdir müzakirə edirlər.

Çin Prezidentinin böyük ehtimalla cari ilin sonuna qədər Türkmənistana səfər edəcəyi gözlənilir. Çin şirkətləri artıq həmin ölkənin enerji sistemində ciddi rol oynayırlar.

Əlbəttə, Si Cinpinin Aşqabada səfəri zamanı tərəflərin yekun razılığa gələcəyi və Türkmənistan-Çin qaz kəmərinin tikintisinə başlanacağı əvvəlcədən dəqiq deyil. Lakin fakt odur ki, Rusiya Prezidentinin Pekinə səfərindən sonra Çin enerji daşıyıcıları məsələsində alternativlərinin olduğunu açıq şəkildə nümayiş etdirir.

Mətbuatın yazdığına görə, Türkmənistan ildə 200 milyard kubmetr qaz hasil edə bilər. Həmin ölkənin enerji resursları Avropa İttifaqının da diqqət mərkəzindədir. Türkmən qazının “Cənub Qaz Dəhlizi” vasitəsilə Türkiyəyə, oradan isə Avropa İttifaqı ölkələrinə nəqli variantı müzakirə olunub.

Diqqətçəkən başqa bir məqam isə mayın 15-də Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının sammitində Türkmənistanın iştirak etməməsidir. Halbuki ölkə təşkilatda müşahidəçi statusuna malikdir. Türkmənistan Rusiyanın himayəsi altında fəaliyyət göstərən KTMT və Avrasiya İqtisadi Birliyi kimi qurumlara da üzv deyil.

Çin Prezidentinin Türkmənistana səfəri, şübhəsiz ki, bu ölkənin təkcə regional deyil, həm də geosiyasi əhəmiyyətini artırır. Rusiya mediasının nikbinliyinə baxmayaraq, aydın olur ki, Vladimir Putinin Pekinə iki günlük səfəri ciddi nəticələr verməyib və tərəflər strateji əhəmiyyət daşıyan heç bir razılığa gələ bilməyiblər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Mərkəzi-Asiya  


Bizi "telegram"da izləyin