Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə vəziyyətlə tanış olan iki mənbə məlumat verib.
Hazırda Baltikyanı üç ölkədə və Polşanın şimalında yerləşən NATO qüvvələri qərargahı Polşanın Şetsin şəhərində yerləşən vahid “Şimal-Şərq” çoxmillətli korpusunun idarəçiliyi altındadır.
Planlaşdırılan dəyişikliklər Ukraynadakı müharibənin başlanmasından etibarən alyansın xüsusi diqqət mərkəzində olan Baltik regionunun strateji əhəmiyyətini göstərir.
Regionda ikinci ordu korpusunun yerləşdirilməsi NATO-ya mümkün qədər qısa müddətdə böyük qüvvələri işə salmaq imkanı verəcək.
Mənbələrdən biri bildirib ki, bu qərar Baltik ölkələrinin məhdud strateji dərinliyini və həssaslığını kompensasiya etmək məqsədi daşıyır.
Tam operativ hazırlıq vəziyyətində ordu korpusu adətən 40 mindən 60 minədək hərbçidən ibarət üç diviziyaya komandanlıq edir.
Sülh dövründə isə o, artilleriya, hava hücumundan müdafiə sistemləri və tibbi xidmət bölmələri ilə təchiz edilmiş qərargah strukturu kimi fəaliyyət göstərir.
Hərbi mənbələrin bildirdiyinə görə, Almaniya və Niderland NATO rəhbərliyi ilə razılaşdırılmış şəkildə qərargahı Almaniyanın Münster şəhərində yerləşən Birinci Almaniya-Niderland korpusunu Latviya və Estoniyanın müdafiə istiqamətinə təhkim etmək barədə razılığa gəlib.
NATO-nun Avropadakı müttəfiqləri ABŞ Prezidenti Donald Trampın sərt tənqidləri fonunda öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımağa məcbur olublar.
Tramp son vaxtlar alyansın Avropa üzvlərini İranla müharibədə dəstək verməməkdə ittiham edib və Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılması qərarını açıqlayıb.
Mənbələr bildiriblər ki, razılaşma korpusun təminat bölmələri ilə bağlı son maneəni də aradan qaldırıb.
Söhbət uzaqmənzilli artilleriya, hava hücumundan müdafiə sistemləri, mühəndis və tibbi bölmələr kimi vacib komponentlərdən gedir.
Hazırda Almaniya və Niderland digər tərəfdaşlarla birlikdə bu qüvvələrin formalaşdırılması və komplektləşdirilməsi üzərində işləyir.
Yeni qərargah strukturunun nə vaxt tam qüvvəyə minəcəyi və mümkün münaqişə zamanı neçə hərbçinin onun idarəçiliyinə keçəcəyi hələ açıqlanmayıb.
Niderland Müdafiə Nazirliyi bildirib ki, korpusun təhkim olunması məsələsi hazırda detallı şəkildə işlənilir.
Almaniya Müdafiə Nazirliyi isə NATO ilə koordinasiya prosesinin davam etdiyini əsas gətirərək şərh verməkdən imtina edib.
Sevinc Əliyeva
Ordu.az