Ordu.az xəbər verir ki, nəşrdə TOLGA antidron sisteminin mini və mikro pilotsuz uçuş aparatları, FPV kamikadze pilotsuz uçuş aparatları, “gəzən sursat” və dəqiq idarə olunan sursatlara qarşı hazırlanmış çoxtəbəqəli aşağı hündürlük hava hücumundan müdafiə həlli olduğu qeyd edilib.
“Pentapostagma” sistemin xüsusilə aşağı xərcli və sıx pilotsuz uçuş aparatı təhdidlərinə qarşı effektiv həll təqdim etməsi ilə diqqət çəkdiyini bildirib.
Məqaləyə görə, “Makine ve Kimya Endüstrisi” MKE EFES 2026 təlimi zamanı TOLGA sisteminə Yüksək Güclü Elektromaqnit silahı inteqrasiyası həyata keçirib.
Qeyd olunub ki, həmin sistem hədəfin elektronikasını elektromaqnit impulsu ilə sıradan çıxarır və xüsusilə lif-optik idarə olunan FPV pilotsuz uçuş aparatlarına qarşı üstünlük yarada bilər.
“Pentapostagma” klassik qarışdırıcı sistemlərin fiber-optik bağlantılı pilotsuz uçuş aparatlarına qarşı məhdud təsir göstərdiyini, “HPeM” əsaslı həllərin isə bu təhdidə qarşı yeni yanaşma təqdim etdiyini yazıb.
Məqalədə TOLGA antidron sisteminin mobil radar, elektro-optik sensorlar, radioelektron mübarizə sistemləri, qarışdırıcılar və kinetik silah sistemləri kimi elementləri vahid arxitekturada birləşdirdiyi qeyd edilib.
Həmçinin sistemin 35 mm, 20 mm və 12.7 mm hava partlayıcı sursatlardan istifadə edə bildiyi, bu sursatların hədəf ətrafında sıx hissəcik buludu yaradaraq pilotsuz uçuş aparatlarını təsirsiz hala gətirdiyi bildirilib.
Konya şəhərində keçirilən real döyüş sursatlı sınaqlarda sabit qanadlı pilotsuz uçuş aparatları və FPV pilotsuz uçuş aparatlarına qarşı yüksək uğur faizi əldə edildiyi də qeyd olunub.
“Pentapostagma” TOLGA sisteminin Türkiyənin hazırladığı “Polad Günbəz” inteqrasiya olunmuş hava hücumundan müdafiə arxitekturasının çox aşağı hündürlük qatında fəaliyyət göstərəcəyini yazıb.
Sistemin 4x4 vasitələrə, zirehli platformalara və dəniz platformalarına inteqrasiya oluna bildiyi bildirilərkən, MKE-nin daha əvvəl SAHA EXPO çərçivəsində ENFAL-17 antidron raketi və lazer əsaslı həlləri də təqdim etdiyi xatırladılıb.
Məqalədə ASELSAN-ın hazırladığı EJDERHA elektromaqnit sistemlərinə də yer verilib. Qeyd olunub ki, ASELSAN daha əvvəl EJDERHA C-IED sistemi ilə bir pilotsuz uçuş aparatı hədəfini elektromaqnit silahı ilə təsirsiz hala gətirib, daha sonra isə daha inkişaf etmiş EJDERHA/AD 200 və EJDERHA/AD 210 sistemlərini hazırlayıb.
“Pentapostagma” Türkiyənin son dövrlərdə elektromaqnit müharibə və antidron texnologiyalarına ciddi sərmayə yatırdığını vurğulayaraq, xüsusilə aşağı xərcli və sıx pilotsuz uçuş aparatı hücumlarına qarşı hazırlanan həllərin bölgədəki hərbi balans baxımından yaxından izlənildiyini qeyd edib.
Sevinc Əliyeva
Ordu.az