MPG 8×8 təkərli xilasetmə vasitələrində yerli istehsal payını artırır

2026/05/Ekran-1779814074.jpg
Oxunub: 529     20:38     26 May 2026    
Müdafiə sənayesində həm əsas, həm də alt podratçı kimi fəaliyyət göstərən MPG 8×8 təkərli xilasetmə vasitələri layihələrində yerli istehsal payını artırmağa davam edir.

Ordu.az xəbər verir ki, mülki və müdafiə sənayesinə yönəlmiş həllər hazırlayan şirkət mühəndislik qabiliyyətləri və orijinal layihələri ilə diqqət çəkir.

1988-ci ildə kran sektoruna daxil olan şirkət Türkiyədə ilk kranı istehsal etməklə istehsal sənayesində yenilikçi dövrün qapısını açmışdı. Aradan keçən 30 ildən çox müddətdə müdafiə sənayesində də mühüm layihələrə imza atan MPG xüsusilə Türkiyə Silahlı Qüvvələri üçün hazırladığı xilasetmə vasitələri ilə önə çıxır.

MPGnin Satışdan Sonrakı Xidmətlər üzrə müdiri Hüseyn Koçer şirkətin 8×8 təkərli xilasetmə vasitələri layihələri ilə bağlı “Defensehere.com”a açıqlama verib.

Koçer Türkiyə Silahlı Qüvvələri inventarında hazırda 62 ədəd 8×8 təkərli xilasetmə vasitəsinin olduğunu bildirib: “Bunlardan 29-u “Sarp Silah Sistemi”nə malikdir. Bu vasitələr ballistik səviyyə 3, mina və əldəqayırma partlayıcı qurğuya qarşı qorunan sinifdədir”.

Koçer ikinci layihədə yer alan 33 vasitənin isə ballistik səviyyə 2 qorunmasına malik olduğunu qeyd edərək bildirib: “Yenə mina və əldəqayırma partlayıcı qurğu qoruması var, eyni şəkildə yuxarıdakı platforma davam edir”.

Şirkətin yeni layihələrdə yerli istehsal payını artırmağa fokuslandığını vurğulayan Koçer ilk layihələrdə bu göstəricinin daha aşağı olduğunu, lakin sonrakı mərhələdə mühüm irəliləyişlərin əldə edildiyini söyləyib.

“Zirehli lövhəmiz özümüz tərəfindən yerli istehsalla hazırlandı və yerli istehsal zirehli lövhə istifadə olundu. Hazırda da yerli istehsal zirehli lövhə istifadə edilir”, - deyə o qeyd edib.

Yeni layihələr çərçivəsində əvvəlcə xaricdən tədarük edilən sistemlərin də lokallaşdırıldığını bildirən Koçer deyib: “Üzərindəki “bom” kranlarımız, xilasetmə kranlarımız, troslu kranlar, bunlar əvvəllər xaricdən gəlirdi, onlar da yerli istehsala keçirildi. Hazırda Ankaradakı bir şirkət tərəfindən hazırlanır”.

Vasitələrin proqram təminatının tamamilə türk mühəndislər tərəfindən hazırlandığını deyən Koçer bilirib: “Bu vasitənin bütün proqram təminatı bizə aid olduğu üçün istədiyimiz kimi proqramda dəyişikliklər edə bilirik. Tamamilə türk mühəndislərin hazırladığı proqram təminatı mövcuddur”.

Şirkətin daha bir yeni müqavilə imzaladığını da açıqlayan Koçer ümumilikdə 77 ədəd istehsal ediləcəyini bildirib. “Bunun 37-si yenə eyni şəkildə zirehli olacaq, 40-ı da zirehsiz olacaq. Daha daxili ərazilərdə istifadə məqsədilə 40 ədəd zirehsiz istehsal ediləcək”, - deyə o qeyd edib.

Yeni layihədə zirehli və zirehsiz vasitələrin birlikdə istehsal ediləcəyini bildirən Koçer deyib: “Zirehləndirmə hissəsi yalnız kabin hissəsindədir. Yeni layihədə həmin 40 ədədin kabin hissəsi zirehsiz, daha yumşaq məhsul olacaq. İstehsal ediləcək, sonuncu olaraq Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MPG   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin