Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail qüvvələri aprelin 16-da “Hizbullah” ilə atəşkəs elan etdikdən sonra Livan ərazisinin dərinliyində müəyyən etdiyi sərhəd xəttindən irəliləyib.
Mənbələr “Sarı xətt” adlandırılan ərazidən kənara qoşunların nə qədər irəlilədiyi barədə ətraflı məlumat verməyiblər.
Qeyd olunub ki, bu xətt BMT tərəfindən 2000-ci ildə İsrail qoşunlarının çıxarılmasından sonra müəyyən edilən “Mavi xətt”lə əlaqəli deyil.
“Sarı xətt” Livanın cənubunun 5-10 kilometr dərinliyində yaradılması təklif olunan bufer zonanın bir hissəsidir. İsrail hərbçiləri demək olar ki, tamamilə boşaldılmış onlarla kənddə fəaliyyətlərini davam etdirirlər.
Bildirilir ki, bu addım bir neçə həftə əvvəl elan edilən atəşkəsə baxmayaraq, sərhəddə döyüşlərin yenidən kəskin şəkildə intensivləşməsi fonunda atılıb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-də başlayan İsrail hücumları nəticəsində mayın 26-na qədər ölənlərin sayı 3213 nəfərə, yaralananların sayı isə 9737 nəfərə çatıb.
Sevinc Əliyeva
Ordu.az