“Times of India”: İrəvan Hindistanla təxminən 2 milyard dollarlıq silah müqavilələri imzalayıb

2026/05/1779811079.jpg
Oxunub: 745     19:56     26 May 2026    
“İrəvan silahlı qüvvələrini gücləndirmək məqsədilə Hindistanla təxminən 2 milyard dollarlıq silah müqavilələri imzalayıb”.

Ordu.az xəbər verir ki, bu barədə “Times of India” nəşri məlumat yayıb.

Nəşrə görə, Ermənistan silahlı qüvvələrini gücləndirmək məqsədilə Hindistanla müdafiə sahəsində əməkdaşlığı fəal şəkildə genişləndirir.

Nəşr qeyd edir ki, Rusiya tərəfindən hərbi dəstəyin azalmasından sonra Ermənistan təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarmağa məcbur olub.

“Bu çərçivədə İrəvan Hindistandan müasir silah sistemləri əldə edir. Ermənistan Silahlı Qüvvələrinin üç nəfərlik nümayəndə heyəti yaxın zamanda Hindistanın Maharaştra ştatının Naşik şəhərində yerləşən artilleriya məktəbinə səfər edib.

Erməni hərbçilər Hindistanın təlim metodları ilə tanış olub və artilleriyanın döyüş atışlarını izləyiblər. Bundan əlavə, ötən ay Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan Nyu-Dehlidə Hindistan Müdafiə Nazirliyinin rəhbərliyi ilə yüksək səviyyəli görüşlər keçirib. Görüşlərdə Hindistan Müdafiə Qərargahının rəisi general Anil Çauhan və Quru Qoşunlarının qərargah rəisi general Upendra Dvivedi də iştirak edib”, - deyə müəllif qeyd edib.

“Times of India” yazır ki, Hindistan 2020-ci il Qarabağ müharibəsindən sonra Ermənistanın əsas müdafiə tərəfdaşlarından birinə çevrilib.

“2020-ci ildən etibarən Ermənistan Hindistanla ümumi dəyəri təxminən 2 milyard dollar olan müdafiə müqavilələri imzalayıb. Bu müqavilələrə “Swathi” radiolokasiya sistemləri, “Pinaka” yaylım atəşli reaktiv sistemləri və pilotsuz uçuş aparatlarına qarşı mübarizə kompleksləri daxildir.

2022-ci ildə Ermənistan Hindistan istehsalı olan “Akash” zenit-raket kompleksinin ilk xarici sifarişçisi olub və bu məqsədlə 720 milyon dollarlıq müqavilə imzalayıb. “Akash” sistemlərinin tədarükü 2024-cü ildə başlayıb və bu, Ermənistanın pilotsuz uçuş aparatları və raket təhdidlərinə qarşı imkanlarını artırıb”, - deyə məqalədə bildirilib.

Nəşr qeyd edib ki, Hindistan Ermənistana hərbi bazaların və kritik infrastruktur obyektlərinin qorunması üçün xüsusi antidron kompleksləri də təqdim edib.

“Hazırda tərəflər hərbi hazırlıq, birgə müdafiə istehsalı və Ermənistanın “Su-30SM” qırıcılarının Hindistan texnologiyaları əsasında modernləşdirilməsi imkanlarını müzakirə edirlər”, - deyə müəllif əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Ermənistan  


Bizi "telegram"da izləyin