Ordu.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin birinci müavini, Liberal Demokrat Partiyası fraksiyası rəhbərinin müavini Andrey Luqovoy bildirib.
“Ermənistan Rusiyasız və Rusiya Ermənistansız: səbəblər, nəticələr və fəsadlar” adlı dəyirmi masa zamanı çıxış edən Luqovoy qeyd edib ki, Rusiya Ermənistanın qeyri-dost addımlarına cavab olaraq bir sıra iqtisadi tədbirlər həyata keçirə bilər.
Onun sözlərinə görə, bu tədbirlər arasında güclü spirtli içkilərin idxalının məhdudlaşdırılması da yer alır.
“Ermənistan rəhbərliyi başa düşməlidir ki, Rusiya güzəştləri hesabına yaşayıb ölkəni anti-Rusiya dayaq məntəqəsinə çevirmək olmaz”, - deyə Luqovoy bildirib.
Rusiyalı deputat vurğulayıb ki, Ermənistan kənd təsərrüfatı məhsullarının ixracının 98 faizi Rusiyaya gedir və ölkə Rusiya taxılından kritik dərəcədə asılıdır.
“Ermənistanda güclü spirtli içki istehsalı ayrıca sahədir. Bu məhsulların 78 faizi də Rusiyaya ixrac olunur, həmin köşkü bağlamaq lazımdır”, - deyə o qeyd edib.
Luqovoy, həmçinin Ermənistan üçün tətbiq olunan qaz güzəştlərinə yenidən baxılmasını təklif edib.
“Rusiya qazı Ermənistan üçün onilliklər boyu sadəcə məhsul deyil, həm də müttəfiqlik arxitekturasının elementi olub. Əgər bu sistem dağıdılırsa, güzəştli qiymət kommersiya baxımından əsaslandırılmış qiymətlə əvəz olunmalıdır”, - deyə deputat bildirib.
O qeyd edib ki, bu halda qazın qiymətinin Avropa səviyyəsinə, hər min kubmetr üçün 400-600 dollara qədər qaldırılması təklif olunur.
Luqovoy əlavə edib ki, belə bir qərar nəticəsində Ermənistanda elektrik enerjisinin qiyməti də hər kilovat-saat üçün 9 rubldan 16 rubla qədər arta bilər.
Bundan başqa, deputat Ermənistan üçün tətbiq olunan gömrük güzəştlərinin və xüsusi rejimlərin ləğvini, eləcə də transsərhəd maliyyə köçürmələrinə nəzarətin sərtləşdirilməsini təklif edib.
Alpər Mövludoğlu
Ordu.az