Ordu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla “Zvartnots” hava limanında keçirilən birgə brifinq zamanı deyib.
Brifinqdən əvvəl TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi, həmçinin faydalı qazıntıların hasilatı və emalı sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.
Rubio göstərilən qəbula görə təşəkkürünü bildirərək qeyd edib ki, TRIPP layihəsi çərçivəsində strateji əməkdaşlığa dair çərçivə sazişinin imzalanması onun üçün böyük şərəfdir.
“Bu, daha bir tarixi addımdır. Ermənistan və region üçün bu, sülh yoludur”, - deyə ABŞ dövlət katibi bildirib.
Rubionun sözlərinə görə, əməkdaşlıq bununla məhdudlaşmır və əsas məqsəd iki xalqın rifahı naminə münasibətlərin inkişaf etdirilməsidir.
Bu məqsədlə kritik əhəmiyyətə malik faydalı qazıntıların hasilatı və emalı ilə bağlı mühüm sənəd də imzalanıb.
Rubio vurğulayıb ki, XXI əsrdə bu sahə iqtisadi müstəqillik və yeni texnologiyalara çıxış baxımından mühüm əhəmiyyət daşıyır.
“Biz Ermənistan və ABŞ iqtisadiyyatlarının faydalı qazıntılara etibarlı çıxış əldə etməsi üçün birlikdə işləməyə hazırıq”, - deyə o əlavə edib.
ABŞ dövlət katibi Ermənistan komandasının fəaliyyətinin ölkə üçün daha yaxşı gələcəyə gedən yol açdığını da bildirib.
“Biz buna dəstək verməkdən məmnunuq və gələcək naminə işləməyə hazırıq. Bunun bir hissəsi olmaqdan qürur duyuruq və birlikdə daha çox iş görməyə hazırıq”, - deyə Rubio vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az