İran Silahlı Qüvvələri ABŞ və İsrailin yeni hücumları halında yeni taktikalara keçəcəyini açıqlayıb

2026/05/1779801146.jpg
Oxunub: 342     17:12     26 May 2026    
ABŞ və İsrail İslam Respublikasının ərazisinə yenidən zərbələr endirərsə, İran hərbi əməliyyatların aparılmasında yeni taktikalardan istifadə edəcək.

Ordu.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Əbülfəzl Şəkərçi bildirib.

“Biz zəifləməmişik. Əksinə, daha da güclənmişik. Müharibə dövründə ölkəmizdə raket və pilotsuz uçuş aparatı istehsalı dayanmayıb və düşmən onların yerləşdirildiyi obyektləri heç vaxt aşkarlaya bilməyəcək”, - deyə Şəkərçi “Al Jazeera” telekanalına müsahibəsində vurğulayıb.

Onun sözlərinə görə, İran əhəmiyyətli döyüş təcrübəsi qazanıb və gələcəkdə fərqli taktiki həllər tətbiq edəcək.

Şəkərçi qeyd edib ki, İran Silahlı Qüvvələri rəqibin bütün hərəkətlərini izləyir və cavab zərbələri üçün mümkün hədəfləri artıq müəyyənləşdirib.

O bildirib ki, yeni hücum halında İslam Respublikasının cavabı əvvəlkilərlə müqayisədə “daha güclü və daha sərt” olacaq.

Rəsmi nümayəndə həmçinin xəbərdarlıq edib ki, növbəti eskalasiya baş verərsə, hərbi əməliyyatlar “region sərhədlərindən kənara çıxacaq”.

Bir gün əvvəl İran qoşunlarının “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının rəisi Əli Abdullahi ölkənin hərbi texnikasının modernləşdirilməsi istiqamətində tədbirlər görüldüyünü və hərbi potensialın qorunması üçün bütün imkanlardan istifadə edildiyini açıqlamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin