Ordu.az xəbər verir ki, bu müddət Çin üçün rekord hesab olunur.
Missiyanın əsas məqsədi kosmosda uzunmüddətli qalmanın insan orqanizminə təsirini araşdırmaqdır. Pekin 2030-cu ilədək insanın Aya enişini təmin etməyə hazırlaşır.
“Reuters” agentliyinin məlumatına görə, “Şencjou-23” kosmik gəmisi bazar günü Tsyütsüan kosmodromundan start götürüb.
Heyətin tərkibinə komandir Çju Yançjun, pilot Çjan Yuançji və faydalı yük üzrə mütəxəssis Li Tsyayin daxildir. Li Tsyayin Honkonqdan olan ilk taykonavt hesab olunur.
Üç heyət üzvündən biri “Tyanqun” stansiyasında bir il qalacaq. Bu, tarixdəki ən uzunmüddətli kosmik missiyalardan biri hesab olunur, lakin 1995-ci ildə rus kosmonavt tərəfindən müəyyən edilən 14,5 aylıq rekorddan geri qalır.
Çinin pilotlu kosmik uçuş proqramı idarəsi bildirib ki, stansiyada qalacaq şəxsin kimliyi daha sonra müəyyənləşdiriləcək. “Şencjou” missiyaları çərçivəsində üç nəfərlik heyətlər altı aylıq elmi tədqiqatlar üçün orbital stansiyaya göndərilir.
Çin indiyədək Aya yalnız avtomatik stansiyalar göndərsə də, “Şencjou” proqramı ölkənin sürətlə inkişaf edən kosmik imkanlarını nümayiş etdirir. 2024-cü ilin iyununda Çin robotlaşdırılmış missiya vasitəsilə Ayın görünməyən tərəfindən torpaq nümunələrini Yerə çatdıran ilk ölkə olmuşdu.
“Şencjou-23” missiyası çərçivəsində ilk dəfə “Tyanqun” stansiyasının əsas moduluna avtonom sürətli yaxınlaşma və birləşmə əməliyyatı həyata keçiriləcək. Alimlər həmçinin uzunmüddətli missiyalar zamanı kosmik radiasiyanın, sümük kütləsi itkisi və psixoloji stressin fizioloji təsirlərini araşdıracaqlar.
Çin 2035-ci ilədək Rusiya ilə birlikdə Ayda daimi baza qurmağı planlaşdırır. Çinin Ay proqramının baş elmi rəhbəri U Veyjen bildirib ki, Pekinin açıqladığı vaxt cədvəli məqsədli şəkildə “təvazökar” hazırlanıb.
Sevinc Əliyeva
Ordu.az