Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri, hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədləri siyahısına rəhbərlik edən Nikol Paşinyan Kotayk vilayətinin Arzni kəndində seçkiqabağı kampaniya zamanı deyib.
Paşinyan bildirib ki, mayın 28-də İrəvanda keçiriləcək hərbi paraddan sonra nümayiş etdirilən silahlar gecə saat 24:00-dək Tiqran Mets prospektində qalacaq.
Onun sözlərinə görə, müxalifət bunu seçkidən sonrakı proseslər üçün şəhərə qoşun yeridilməsi kimi təqdim etməyə çalışır.
“Müxalifət deyir ki, guya mən şəhərə qoşun yeridirəm. Amma Ermənistanda seçkidən sonrakı proseslər ola bilməz”, - deyə Paşinyan bildirib.
Ermənistan baş naziri vurğulayıb ki, seçkidən sonrakı proseslər yalnız seçki nəticələrinin saxtalaşdırıldığı ölkələrdə baş verir.
“Harada seçki saxtakarlığı yoxdursa, orada seçkidən sonrakı proseslər də ola bilməz”, - deyə o qeyd edib.
Paşinyan Ermənistanda seçki nəticələrinin saxtalaşdırılmadığına əmin olduğunu bildirib.
“Kim saxtakarlıq etməyə çalışırsa, o da müxalifətdir. Onlar seçki rüşvəti verməklə məşğuldurlar və hər yerdə saxlanılırlar”, - deyə Ermənistan baş naziri vurğulayıb.
O, hüquq-mühafizə orqanlarının fəaliyyətini yüksək qiymətləndirərək onların seçki rüşvəti zəncirlərini qırdığını qeyd edib.
“Bu zəncirləri dağıdan qurumları alqışlamağı təklif edirəm”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az