Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Yaponiya Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin sonuna ölkənin xalis xarici aktivləri 3,5 trilyon dollar təşkil edib. Eyni dövrdə Çinin aktivləri 4 trilyon dollar həcmində qiymətləndirilib.
Birinci yeri isə 4,24 trilyon dollarlıq xalis xarici aktivlə Almaniya qoruyub saxlayıb. Yaponiya reytinq cədvəlində liderliyi hələ 2024-cü ilin nəticələrinə əsasən itirmişdi.
Bundan əvvəl Tokio 34 il ərzində siyahıya başçılıq etmişdi. Kreditor ölkələr sırasına xarici aktivləri ilə xarici öhdəlikləri arasındakı fərq müsbət olan dövlətlər daxil edilir.
Bu göstərici nə qədər yüksəkdirsə, ölkə bir o qədər borc alan deyil, borc verən mənbə kimi qiymətləndirilir.
Agentlik qeyd edir ki, Yaponiyanın bu sahədə lider mövqeyi milli valyuta olan yenə investisiya üçün “təhlükəsiz liman” statusu qazandırırdı, lakin indi bu status əvvəlki qədər aydın görünmür.
Sorğuda iştirak edən ekspertlər hesab edirlər ki, Yaponiyanın xalis xarici aktivləri hələ də çox böyükdür, amma dəyişən geosiyasi şəraitdə bunun üstünlük hesab olunub-olunmaması açıq sual olaraq qalır.
Məlumata görə, Almaniya və Çin xarici ticarətdə müsbət saldo sayəsində bu göstərici üzrə lider mövqelərini qoruyur. Yaponiyada isə artım xarici investorların yapon aktivlərinə yönəltdiyi sərmayələr səbəbindən zəifləyir.
Sevinc Əliyeva
Ordu.az