Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti ekspertlərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Brüssel emissiyaların ticarəti sistemi olan ETS-ni ittifaqdan çıxan reyslərə şamil etmək imkanını nəzərdən keçirir. Bu addım müxtəlif sahələrin dekarbonizasiyasına yönəlmiş Avropa səylərinin əsasını təşkil edən sistemə yenidən baxılması çərçivəsində gündəmdədir.
Karbon emissiyalarının qiymətləndirilməsi ilə bağlı investorlara məsləhət verən “Transition Metrics” şirkətinin proqnozuna görə, bu, ilk növbədə “Lufthansa”, “British Airways” və “Air France-KLM” kimi aviaşirkətlərə təsir edəcək.
Şirkətin hesablamalarına əsasən, onların əlavə xərcləri 2027-ci ildə müvafiq olaraq 1,8 milyard, 1,7 milyard və 1,5 milyard avroya çatacaq.
“Transition Metrics” rəhbəri Yan Arensin sözlərinə görə, karbon emissiyalarının xərci sərnişinlərin üzərinə yönəldilərsə, ETS-nin tam tətbiqi Frankfurt-Pekin reysinin bilet qiymətini 100 avro bahalaşdıra bilər. “Bu xərclər cüzi deyil, olduqca əhəmiyyətlidir”, - deyə ekspert bildirib.
Aviaşirkətlər artıq 2027-ci il tələblərinin yerinə yetirilməsi ilə bağlı öhdəliklərin sığortalanması problemi ilə üzləşirlər. “Gələn il üçün qitələrarası reyslərin bilet satışı artıq indi başlayır”, - deyə Arens əlavə edib.
Sevinc Əliyeva
Ordu.az