QUAD üzvləri Hörmüz ətrafındakı vəziyyətin diplomatik həllinin tərəfdarı çıxıblar

2026/05/1779792028.jpg
Oxunub: 405     14:39     26 May 2026    
Təhlükəsizlik üzrə Dördtərəfli Dialoqda iştirak edən ölkələrin, yəni Hindistanın, Avstraliyanın, ABŞ-nin və Yaponiyanın xarici işlər nazirləri Hörmüz boğazında mövcud vəziyyətin diplomatik qaydada tənzimlənməsinin tərəfdarı olduqlarını bildiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Hindistanda keçirilən danışıqlardan sonra Yaponiyanın xarici işlər naziri Tosimitsu Motegi açıqlama verib.

O bildirib ki, İran ətrafında yaranmış vəziyyət Hind-Sakit okean regionunun enerji təchizatına ciddi təsir göstərir.

“Biz Hörmüz boğazı ilə sərbəst və təhlükəsiz naviqasiyanın təmin olunması üçün diplomatik səylərin, həmçinin Yaxın Şərqdə sabitliyin qorunmasının vacibliyini vurğuladıq”, - deyə o qeyd edib.

Moteginin sözlərinə görə, görüş iştirakçıları “strateji baxışı razılaşdırıblar”, həmçinin “güc və ya məcburiyyət tətbiq etməklə mövcud status-kvonu birtərəfli qaydada dəyişdirməyə cəhdlərə” qarşı çıxıblar və “kritik faydalı qazıntıların ixracına məhdudiyyətlər”lə bağlı narahatlıqlarını bildiriblər.

Nazir Çinin adını çəkməsə də, Tokio adətən bu cür ifadələrdən Pekinə münasibətdə istifadə edir.

Bundan əlavə, yapon nazirinin sözlərinə görə, tərəflər Şimali Koreya ətrafında vəziyyəti də müzakirə ediblər və “onun tam nüvəsizləşdirilməsinə sadiqliklərini” bir daha təsdiqləyiblər.

Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq 2007-ci ildə Asiya-Sakit okean regionunda və Hind okeanı zonasındakı əməkdaşlıq mexanizmi kimi yaradılıb.

2025-ci ilin iyulunda keçirilən görüşdə dörd ölkənin xarici işlər nazirləri qrupun fəaliyyət prioritetlərini yenidən nəzərdən keçirərək dörd əsas istiqaməti dəqiqləşdiriblər: dəniz və transsərhəd təhlükəsizlik, iqtisadi rifah və təhlükəsizlik, kritik faydalı qazıntılar və yeni texnologiyalar, həmçinin humanitar yardım və fövqəladə hallara reaksiya.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: QUAD   Hörmüz  


Bizi "telegram"da izləyin