Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşrində dərc olunan məqalədə bildirilib.
Məqalədə qeyd olunur ki, Ermənistanın Avrasiya üçün strateji quru nəqliyyat qovşağına çevrilə biləcəyi ilə bağlı iddialar artıq əvvəlki qədər fantastik görünmür.
Nəşrin yazdığına görə, iyunun 7-də keçiriləcək ümummilli seçkilər fonunda Ermənistan Rusiya və ABŞ arasında geosiyasi qarşıdurmanın mərkəzinə çevrilib.
“Ölkəyə marağın artmasının əsas səbəblərindən biri Azərbaycanla münaqişənin başa çatması və Ermənistanın fiziki təcriddən çıxmaq imkanının yaranmasıdır. Ermənistan Qərbi Çinlə Avropanı birləşdirən, Rusiyadan keçən şimal marşrutunu və Süveyş kanalını yan keçən Orta Dəhlizin mühüm hissəsinə çevrilə bilər. TRIPP (Zəngəzur dəhlizi-red.) adlandırılan və Avropa ilə Asiyanı birləşdirəcək yeni marşrut da Bakı ilə sülh sazişi çərçivəsində Ermənistan ərazisindən keçəcək kommunikasiya şəbəkəsinin bir hissəsi olacaq”, - deyə müəllif qeyd edib.
Məqalədə Nikol Paşinyanın “Real Ermənistan” konsepsiyasından da bəhs edilir. Bildirilir ki, bu konsepsiya Azərbaycanla sülhün bağlanmasını və Rusiyadan uzaqlaşaraq Avropa İttifaqına yaxınlaşmanı nəzərdə tutur.
“Hakim “Vətəndaş Müqaviləsi” partiyası bunu “daha şaxələndirilmiş xarici siyasət” kimi təqdim edir. Bu proses Ermənistan daxilində ciddi mübahisələrlə müşayiət olunur”, - deyə nəşr yazıb.
Nəşrin məlumatına görə, ilkin sorğular hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçkilərdə qalib gələ biləcəyini göstərir. Bu isə həmin partiyanın 2020 və 2023-cü illərdə Azərbaycanın qələbəsi ilə nəticələnən müharibələr dövründə hakimiyyətdə olmasına baxmayaraq baş verir.
Nəşr Paşinyanın sosial şəbəkələrdə aktiv fəaliyyətinə də toxunub. Bildirilir ki, Ermənistan baş naziri səhər saat 5-dən aktiv olur, müxtəlif videolar paylaşır və tez-tez seçicilərlə emosional mübahisələrə girir.
Məqalədə qeyd olunur ki, Paşinyan müxalifət liderlərini “beyinsiz xarici casuslar” adlandırır və onları məhv etməklə hədələyir.
“Paşinyana qarşı ən azı üç rusiyameylli millətçi partiya mübarizə aparır. Ötən ilin avqustunda Ağ Evdə ilkin imzalanmış sülh sazişinin ratifikasiyası qarşısındakı əsas maneə Azərbaycanın Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması tələbidir.
İrəvan isə bildirir ki, sülh sazişi çərçivəsində artıq bütün ərazi iddialarından imtina edib. Hakim “Vətəndaş Müqaviləsi” partiyası Konstitusiyanı dəyişəcəyini açıqlasa da, bunu təzyiq altında etmədiyini vurğulayır. Hakimiyyət ilin sonuna qədər məsələni referenduma çıxarmağı planlaşdırır.
Bu məqsəd üçün parlamentdə konstitusion çoxluğun əldə olunması kifayət qədər çətin olacaq. Ermənistan bir neçə aydır Türkiyənin 1993-cü ildən bağlı olan sərhədi açacağını gözləyir”, - deyə müəllif yazıb.
“The Guardian” qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin Ermənistana ölkənin Avropa İttifaqına, yoxsa Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə qoşulmaq istədiyini müəyyən etmək üçün referendum keçirməyi təklif edib.
Məqaləyə görə, Putin bu məsələni seçkilər öncəsi gündəmə gətirməklə rusiyameylli namizədlər üçün cəmiyyəti qütbləşdirən mövzu formalaşdırmağa çalışır.
Nəşr bildirir ki, indiyə qədər Moskva Ermənistanın Avropa kursundan narazılığını əsasən diplomatik siqnallarla göstərib. Buna misal olaraq Ermənistanın “Cermuk” mineral suyunun Rusiyaya idxalına qoyulan qadağa göstərilir.
Məqalənin sonunda qeyd olunur ki, Putin gələcəkdə Rusiyanın Ermənistana verdiyi ucuz qaz subsidiyalarını da dayandıra bilər.
Alpər Mövludoğlu
Ordu.az