Erməni partiya sədri: “KQB-nin zirzəmisi bağlanmalıdır”

2026/05/1779791323.jpg
Oxunub: 343     14:22     26 May 2026    
“Suveren Ermənistanda “KQB zirzəmiləri” olmamalıdır”.

Ordu.az xəbər verir ki, bunu “İşıqlı Ermənistan” partiyasının lideri Edmond Marukyan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında keçirilən seçkiqabağı kampaniya zamanı deyib.

Marukyan bildirib ki, fəaliyyətdə olan hakimiyyət üçün “KQB zirzəmiləri”nin mövcudluğu sərfəlidir və bu cür obyektlər suveren Ermənistan üçün qəbuledilməzdir.

Onun sözlərinə görə, daha çox “KQB-nin zirzəmisi” kimi tanınan “Kentron” cəzaçəkmə müəssisəsi Ermənistanın Avropa standartlarına uyğun gəlməməsinin simvoludur.

Marukyan hakimiyyəti sovet repressiya sistemini qoruyub saxlamaqda ittiham edib.

“İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi dəfələrlə bu obyektin bağlanmasını tövsiyə edib, çünki burada saxlanma şəraiti beynəlxalq standartlara uyğun deyil”, - deyə o bildirib.

Marukyan qeyd edib ki, sözügedən müəssisə hələ Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan dövründə, Avropa İttifaqı ilə aparılan danışıqlar kontekstində və ya daha əvvəl, Robert Koçaryanın hakimiyyəti zamanı ölkə Avropa Şurasına üzv olanda bağlanmalı idi.

O vurğulayıb ki, buna baxmayaraq, həmin müəssisə bağlanmayıb və 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra da fəaliyyətini davam etdirir.

Marukyan əlavə edib ki, hazırda orada siyasi məhbuslar saxlanılır.

“Ermənistanda KQB-nin rəhbəri Nikol Paşinyandır. O, bu sistemə mükəmməl şəkildə uyğunlaşıb”, - deyə Marukyan bildirib.

Onun sözlərinə görə, Paşinyan əvvəlki hakimiyyətlərin metodlarından istifadə etməyə davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Marukyan   KQB  


Bizi "telegram"da izləyin