Paşinyan: “Beynəlxalq bazar bizə silah satmırdı, deyirdilər ki, siz KTMT üzvüsünüz, bu texnologiyaları sizə etibar edə bilmərik”

2026/05/1779512917.jpg
Oxunub: 474     14:17     26 May 2026    
“Paradda nümayiş etdiriləcək silahların 90 faizi 2022-ci ildən sonra əldə olunub”.

Ordu.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri, hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədləri siyahısına rəhbərlik edən Nikol Paşinyan Kotayk vilayətinin Meğradzor kəndində seçkiqabağı kampaniya zamanı deyib.

Paşinyan bildirib ki, İrəvanda keçiriləcək hərbi paradda nümayiş olunacaq silahların 90 faizi 2022-ci ildən sonra əldə edilib.

Onun sözlərinə görə, bu silahların alınması 2022-ci il oktyabrın 6-dan sonra mümkün olub, həmin tarixdə Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanımaq barədə razılığa gəliblər.

Paşinyan vurğulayıb ki, Ermənistan yalnız 2023-cü ildə ilk dəfə zavod istehsalı olan D-30 haubitsaları ilə silahlanıb və bu silah sistemi ordunun artilleriyasının əsasını təşkil edir.

“Bu silah sistemi də hərbi paradda nümayiş etdiriləcək”, - deyə o bildirib.

Ermənistan baş naziri qeyd edib ki, 2021, 2020 və ya 2019-cu illərdə ordunun eyni səviyyədə olmamasının iki əsas səbəbi var idi.

“Bunun səbəbi o idi ki, beynəlxalq bazar bizə silah satmırdı. Deyirdilər ki, siz KTMT üzvüsünüz, bu texnologiyaları sizə etibar edə bilmərik, çünki onları təşkilat daxilində ötürə bilərsiniz. Amma ən vacib səbəb bu idi ki, onlar düşünürdülər: “Biz yalnız əmin deyilik ki, siz bu silahlardan beynəlxalq səviyyədə tanınmış sərhədlərinizdən kənarda istifadə etməyəcəksiniz, əksinə əminik ki, istifadə edəcəksiniz”, - deyə Paşinyan vurğulayıb.

Paşinyan bildirib ki, hakimiyyət əvvəlcə hərbi parad keçirmək istəmirdi, lakin ordunun dağıdılması ilə bağlı çoxsaylı dedi-qodular fonunda bu addımı atmağa qərar verib.

“Biz ordunu dağıtmamışıq. Sadəcə “ordu” adlanan xarabalıqları bir kənara qoyub sıfırdan yeni ordu yaratmışıq”, - deyə Ermənistan baş naziri əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin